Rumıniyada keçirilən prezident seçkilərinin birinci turunda ifrat sağçı rusiyayönlü namizəd Kalin Georgeskunun qələbəsi Brüsseldə təşviş yaradıb.
Qaynarinfo "Politico”ya istinadən xəbər verir ki, Georgesku rəhbərliyi Rumıniyanın Moskvayönlü düşərgəyə keçə biləcəyi qorxusuna səbəb
olub.
Nəşr qeyd edir ki, Brüsseldə "həyəcan siqnalı” çalınır – Georgeskunun şok qələbəsi Moskvanın NATO və Aİ-nin üzvü və 19 milyon əhalisi olan Rumıniyanı öz düşərgəsinə gətirməyə çalışacağı ilə bağlı narahatlığı artırıb.
"Politico” yazır ki, birinci tur "şok yaratdı”, çünki Rumıniya qanunun aliliyi və rusiyapərəst əhval-ruhiyyə ilə problemləri olan Macarıstan, Slovakiya və Bolqarıstan kimi ölkələrdən fərqli olaraq etibarlı Aİ üzvü və NATO müttəfiqi kimi görünür.
Əgər Buxarest də daha çox anti-Avropa, Rusiyayönlü yol seçərsə, bu, Aİ-nin fəaliyyət qabiliyyətini ciddi şəkildə sarsıdacaq, material müəllifləri qeyd edirlər. Avropa Parlamentinin üzvü Ziqfrid Muresan Rumıniyada keçirilən prezident seçkilərinin birinci turunun nəticələrinin "Rusiyanın Avropa demokratiyasına qarşı hibrid müharibəsinin bir hissəsi olduğuna” əmin olduğunu bildirib.
"Həqiqətən də, Rumıniyadakı gözlənilməz nəticə Rusiyanın Avropa İttifaqı ölkələrini və ya qonşu ölkələri Moskvayönlü düşərgəyə cəlb etmək cəhdləri ilə üst-üstə düşür”, - "Politico” vurğulayır.
Nəşr həmçinin Moldova və Gürcüstanda seçkilərin nəticələrinə təsir etmək cəhdlərinə, Macarıstan və Slovakiyanın rusiyayönlü baxışlarına və Çexiyanın onlara qoşula biləcəyi perspektivinə diqqət çəkir.
Alman Xarici Əlaqələr Şurasının analitiki Milan Nitşin fikrincə, rusların bölgədəki hərəkətlərini izləsəniz, "Rumıniya onlar üçün çox önəmlidir”. Nitş əmindir ki, Rusiyanın planı Rumıniyanın Qara dənizdən kəsilməsidir.
Nəşr qeyd edir ki, Rumıniya Qərbin Ukraynaya dəstəyində köməkçi rol oynayır və Rusiyanın başlatdığı müharibə Qara dənizdəki Mihai Koqalniçanu aviabazasının strateji əhəmiyyətini artırıb. Lakin Georgesku prezident seçkilərində qalib gəlsə, "hər şey alt-üst ola bilər”.
Brüssel qorxur ki, Georgesku Rumıniyanı liderləri Aİ və NATO-nu tənqid edən və Rusiya prezidenti Vladimir Putinə üstünlük verən ölkələr siyahısına daxil edəcək. Georgesku Putini "öz ölkəsini sevən insan" adlandırıb və Milan Nitşi vurğulayır ki, bu, "bir çox həyəcanverici siqnallardan biridir”.
Nizami Bağırov
Şərhlər