Qonşumuz İranda da deyəsən, ali ruhani elitası lider Seyyid Əli Xameneyiyə varis axtarır. Ən çox ehtimallı sayılan namizədlərdən biri də eşitdiyimə görə, elə Xameneyinin öz oğludur.
Bilmirəm, ruhani elitasının son seçimi nə olacaq? Deyəsən, hələ bir xəbər yoxdur. Amma bir azərbaycanlı kimi arabir beynimdən keçir ki, qoy, ali dini lider elə Xameneyinin oğlu olsun, indiki siyasi konfiqurasiya dəyişməsin – azərbaycanlılar dini və siyasi hakimiyyətə başçılıq etsinlər, belə olan halda, bəlkə onların bizim otuz milyon soydaşımıza müəyyən dəstəyi dəyə də bilər.
Amma o da var ki, neçə illərdir, İranın ali dini lideri və yaxud da real, faktki rəhbəri azərbaycanlıdır! Bundan bizim soydaşlarımıza bir fayda dəyibmi? Vallah, mən İranın "iç məsələri”ni o qədər də yaxşı bilmirəm, amma ciddi bir şey olsaydı, güman, biz də eşidərdik!
İndi İranın hətta siyasi lideri – prezidenti də azərbaycanlıdır və bizim, etiraf edirik ki, ona simpatiyamız və o cümlədən də müəyyən ümidlərimiz var. Bu adam ən azı əvvəlki prezidentlərin azərbaycanlılara verdikləri, amma əməl etmədikləri sözləri – vədləri gerçək edə bilər!
Olacaqmı? Ümidliyik və gözləyirik, üstəlik, onu da çox yaxşı başa düşürük ki, İran mühafizəkarlarının böyük təzyiqi var ona və regional geosiyasi atmosfer də elə durumdadır ki, daha çox mühafizəkarların "əlinə oynayır”, onların ölkədaxili mövqelərini möhkəmləndirir.
Məsələn, hesab edirik ki, indiki Yaxın Şərq müharibəsi heç də yerinə düşmədi – bəli, düşünürük ki, o da Pezeşkiana mane olur. Məsələn, belə deylidi ki, Məsud Pezeşkian Bakıya COP29 tədbirlərinə İsrail prezidentinə görə gələ bilmədi, hərçənd, İsrail prezidentinin özünün də səfəri guya qardaş Türkiyəylə yaranmış problemlər sarıdan alınmadı və İsrail prezidenti də texniki çətinliklər ucbatından Bakıya səfərini reallaşdıra bilmədi – qərəz, sanki bir zəncirvari siyasi reaksiyadır bütün bunlar...
Bizə elə gəlir ki, mühafizəkarlardan fərqli olaraq, M.Pezeşkian təkcə Qərbə deyil, hətta İsrailə nisbətən mülayim yanaşır. Bəli, onu "İsrailin dostu” adlandırmaq olmaz, amma duyulan budur ki, bu adam ölkəsinin siyasi, xüsusən də mühafizəkar dini elitasını Tel-Əvivlə münasibətləri son həddə çatdırmamağa çağırır.
Ümumiyyətləsə, Yaxın Şərq münaqişəsi, elə bu son müharibə də çox qəliz məsələdir – burada bəzən hətta ağlagəlməz maraqlar toqquşur! Elə bu yaxınlarda biz də yazmışdıq ki, heç bir halda, bütün xalq, bütün əhali terrorçu olmur, terrorçu hansısa bir təşkilat və ya bir qrup insan olur!
Bu baxımdan, əlbəttə, Qəzza əhalisinin də, hətta livanlı şiələrinin də heç də hamısı terrorçu deyil, onların sadəcə, suçu budur ki, seçkilərdə terrorçu HƏMASA və Hizbullaha səs verirlər! Budur, Roma Papası da Qəzzada İsrailin dinc əhaliyə qarşı hərəkətlərini pisləyən bəyanat yaydı! Beynəlxalq Cinayət Məhkəməsi Netanyahunun və Yoav Qallantın, eləcə də HƏMAS-ın hərbi qanadının liderinin həbsilə bağlı qərar verdi!
Bəli, bu, o demək deyil ki, onları elə bu gün-sabah tutub damlayacaqlar, amma, hər halda, bu adamların ölkələr üzrə hərkəti bir az məhdudlaşacaq, üstəlik, xüsusən də Netanyahu hakimiyyətdən gedəndən sonra onun üçün ciddi problemlər yarana bilər.
Ukraynaya görə prezident Vladimir Putinlə bağlı da belə qərar var və bu, Rusiya prezidenti üçün heç də az problem yaratmır, ən azı, onun da səfərlərinin coğrafiyası son illərdə bir xeyli daralıb.
Elə ona görə də son Yaxın Şərq müharibəsinə birmənalı şəkildə yanaşmaq və bu xüsusda birmənalı qiymətləndirmələr aparmaq olmur – hər şey göründüyündən qat-qat mürəkkəbdir.
Məsələn, Roma Papasının sonuncu bəyanatından, Beynəlxalq Məhkəmənin qərarından sonra, o cümlədən də BMT ilə İsrail arasında Qəzza müharibəsindən sonra yaranmış gərginlikdən sonra elə qardaş Türkiyənin də Tel-Əvivlə bağlı ən son qərarlarını daha anlaşıqla qarşılamaq, eləcə də Pezeşkianın da İsrail prezidenti olan yerə gəlmək istəməməsini (güman, ölkəsindəki mühafizəkarlardan və ya anti-İsrail ovqatından ehtiyat edir!) müəyyən qədər başa düşmək lazım gəlir.
Bəli, baxmayaraq ki, İsrail daha çox regional terrorizmə qarşı vuruşduğunu deyir, amma, görünür, o ya heç də həmişə öz siyasətini və hərəkətlərini bu hüdudlarla məhdudlaşdıra bilmir, ya da hansısa motivlərdən (HƏMAS və ya Hizbullah da İsrail xalqı üçün bu vaxta qədər heç də az problem yaratmayıb!) bunu istəmir.
Əlbəttə, müharibəni başlayan yenə HƏMAS oldu, hərçənd, onun liderləri bunu inkar edir. Amma hər şey bir tərəfə, əgər onlar müharibə istəmirdisə, nəyə görə Qəzzada yeraltı tunel–bunkerlər tikirdilər! Odur ki, Beynəlxalq Cinayət Məhkəməsinin HƏMAS-ın hərbi liderilə bağlı da qərar verməsi çox düzgün addım sayılmalıdır!
Bir sözlə, vəziyyət çox mürəkkəbdir və o, hətta İranın azsaylı liberallarına da qol-qanad açmağa imkan vermir. Növbədə hələ Tramp var və görək, o, bu regiona hansı müjdələrlə və yeniliklərlə gələcək?
Biz ona görə İrandakı liberal siyasi qanadın güclənməsində çox maraqlıyıq ki, yalnız onlar digər etnik qrupların, o cümlədən də otuz milyonluq soydaşlarımızın mədəni–siyasi hüquqlarının genişlənməsi üçün nəsə edə bilərlər – bunu ali ruhani elitası və ya SEPAH etməyəcək!
Üstəlik, indi elə Şimal Azərbaycanında da daha çox insan belə fikrə yönəlir ki, əgər İranda azərbaycanlılara siyasi–mədəni haqlar verilsə, daha hansısa milli inqilablara və yaxud da İranın nə vaxtsa bölünməsinə nə ehtiyac var? Məsələn, niyə İranda türk dilinə ikinci dövlət dili statusu verilməsin? İnanın, ölkə var ki, az qala, on rəsmi dövlət dili var! Həm də bununçün İrandakı türklərin mənəvi haqları da var, İran dövlətçiliyi yüz illərdir ki, onların sayəsində mövcuddur!
Artıq bir neçə dəfə qeyd etmişəm ki, hətta Cənubi Afrika Respublikasında düz on iki rəsmi dil var! Məgər İranda siyasi-ictimai mədəniyyət və yaxud da şüur Afrkadakı qədər də deyil?..
İranın sevmədiyi və yaxud da bəyənmədiyi İsraildə də dövlət dili ivritdir, amma ərəb dilinin də xüsusi statusu var! Niyə İranda, az qala, qırx milyon türkün yaşadığı ölkədə (burada Azərbaycan türklərindən savayı, məsələn, türkmənlər də yaşayır, onların ləhcəsi isə bizimkinə çox yaxındır!) türk dili belə bir statusa malik olmasın?
Bəli, bu günlərdə bütün bunları düşünürdüm ki, yadıma rəhmətlik cənublu yazıçı Səməd Behrəngi və onun məşhur "Balaca qara balıq” hekayəsi – pritçası düşdü. Çoxdan oxumuşam, amma deyəsən, orada belə deyilirdi: "Məgər bu bataqlıqdan da başqa dünya varmış!”
Bəli, balaca qara balıq bunu bilmək, sübut etmək üçün səyahətə, dənizi axtarmağa çıxır! Çox, olduqca mənalıdır, deyilmi? Mən bu hekayəni ilk dəfə oxuyanda nədənsə Sent-Ekzüperinin "Balaca şahzadə”si yadıma düşmüşdü! Bəli, Allah sənə rəhmət eləsin, Səməd abi! Bizim cənublu soydaşlarımız da "bataqlıq”dan çıxmaq,"dənizlər” axtarmaq haqqında düşünməyə başlayanda İranda çox dəyişəcək! Bir də Allah rəhmət eləsin sənə, SƏMƏD ABİ! Yaşasaydın, bəlkə də Nobel alardın!..
Sonda bir kiçik etiraf edim, Səməd abi! Otuz illik jurnalsit fəaliiyətim ərzində minlərlə siyasi yazılar yazmışam, deyilənə görə, onların arasında dəyərli siyasi yazılar da var.
Amma bilirsən, özüm nə fikirlərşirəm? Kaş, bütün bu yazıların əvəzinə "Balaca qara balıq” kimi bircə hekayə-nağıl yaza biləydim...
Şərhlər