Xəbər lenti

Pakistan-Əfqanıstan sərhədində gərginlik: region yeni risklərlə üz-üzə (ŞƏRH)
Dünya 11:52 23.02.2026

Pakistan-Əfqanıstan sərhədində gərginlik: region yeni risklərlə üz-üzə (ŞƏRH)

"Hindistan faktorunu və böyük güclərin regiondakı rəqabətini nəzərə alsaq, Kabillə İslamabad arasındakı eskalasiya daha mürəkkəb geosiyasi proseslərə rəvac verə bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında bunu konfliktoloq Azər Hüseynov Pakistanla Əfqanıstan arasında sərhəddə baş verən növbəti toqquşmanı şərh edərkən deyib. 

Ekspert Hindistanı misal göstərərək, bu ölkənin hazırda müsəlman dünyası ilə problemləri olan güclərlə daha yaxın olduğunu bildirib: 

"Son aylar Əfqanıstanın Taliban hökuməti tərəfindən verilən bəyanatlar regionda diqqətlə izlənir. Xüsusilə ABŞ-ın İrana mümkün müdaxiləsi halında Tehrana həmrəylik göstərilə biləcəyi barədə səslənən fikirlər siyasi baxımdan daha çox mesaj xarakteri daşıyır. Bu, yeni hakimiyyətin regional aktor kimi özünü göstərmək istəyi kimi də oxuna bilər. Bunun ardınca Pakistan ilə sərhəddə yenidən silahlı insidentlərin baş verməsi isə diqqəti başqa istiqamətə yönəldib. Pakistan ordusunun sərhədyanı ərazilərdə İŞİD-ə bağlı qruplara qarşı həyata keçirdiyi əməliyyatlar Kabil tərəfindən suverenliyə təhdid kimi qiymətləndirilir. Halbuki Taliban özü də İŞİD-lə mübarizə apardığını deyir. Burada açıq bir ziddiyyət ortaya çıxır - eyni təhlükəni hədəf alan tərəflər bir-birinin hərbi addımlarını qəbul etmir".
 


Həmsöhbətimizin fikrincə, belə bir məqamda proseslə bağlı üçüncü qüvvələrin mümkün roluna dair ehtimallar ortaya çıxır:

"Çünki iki qonşu müsəlman ölkəsinin toqquşması təkcə lokal məsələ olmaz. Humanitar böhran, qaçqın axını və radikal qrupların aktivləşməsi riski artır. Bundan isə daha çox regiondan kənar və ya rəqib aktorlar faydalana bilər. Pakistan İslam dünyasında mühüm çəkisi olan dövlətdir və Azərbaycanla, Türkiyə ilə strateji əməkdaşlıq xəttinə malikdir. Digər tərəfdən, Taliban rəhbərliyi də Ankara ilə yaxınlaşmağa və digər müsəlman ölkələri ilə əlaqələri genişləndirməyə çalışır. Belə bir fonda Əfqanıstanla Pakistan arasında açıq qarşıdurma baş verərsə, bunun nəticələri geniş və ağır ola bilər".

Azər Hüseynov düşünür ki, sərhəd təhlükəsizliyi, terrorla mübarizədə koordinasiya və qarşılıqlı etimad mexanizmləri qurulmadıqca, tərəflər arasında gərginlik qalmaqda davam edəcək: 

"Əslində Əfqanıstan–Pakistan münasibətləri tarixən həssas olub. Sərhəd xətti, tayfa bağları, silahlı qrupların hərəkət imkanları və qarşılıqlı etimadsızlıq bu münasibətləri daim gərgin saxlayıb. Münaqişələr çox vaxt səngiyir, amma kökündən həll olunmur. Səssizlik isə həmişə sabitlik demək deyil. Münaqişələr "sakit faza”ya keçə bilər, amma həll olunmadıqca tam yox olmur - sadəcə fürsət gözləyir”.
 


Qeyd edək ki, son günlər Pakistanla Əfqanıstan arasında yenidən gərginlik yaşanır. Bildirilir ki, Pakistan silahlı qüvvələrinin İŞİD-in Əfqanıstandakı mövqelərinə endirilən hava zərbələri nəticəsində ən azı 80 terrorçunu öldürüb. Bazar günü gecə Pakistan təyyarələri Əfqanıstanın Nəngərhar, Paktika və Xost əyalətlərində Fitnə əl-Xəvaric qrupuna məxsus yeddi yaraqlı düşərgəsini məhv edib.

Daha əvvəl Pakistan İnformasiya və Yayım Nazirliyi Pakistan qüvvələrinin TTP yaraqlılarına, eləcə də Əfqanıstandakı İŞİD terrorçu qrupunun filialı olan Vilayəti Xorasan-a qarşı hədəfli zərbələr endirdiyini bildirib. Nazirlik qeyd edib ki, əməliyyat Pakistanda son terror hücumlarına, o cümlədən İslamabadda məscidin bombalanmasına cavab olaraq həyata keçirilib.

Xatırladaq ki, fevralın 6-da İslamabadda şiə məscidi yxınlığında törədilən intiharçı hücum nəticəsində 30-dan çox insan həlak olub, təxminən 170 nəfər yaralanıb. Əfqanıstan hakimiyyəti Pakistanın hücumunda onlarla mülki şəxsin ölümü barədə məlumat verib, bunu "təxribat aktı" və "ölkənin ərazi bütövlüyünün pozulması" adlandırıb. 

Rüfət Sultan
--> -->