Moldova və Ukrayna hüquq-mühafizə orqanları Ukraynada ictimai şəxslərə qarşı sui-qəsdlər planlaşdırmaqda şübhəli bilinən 10 nəfərin saxlanılması üzrə birgə əməliyyat keçirib.
Qaynarinfo xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Nəşrin istintaq məlumatlarına istinadən verdiyi xəbərə görə, dəstənin hədəfləri arasında jurnalistlər, ictimai fəallar və hərbi kəşfiyyat nümayəndələri olub.
"Milli Polis Ukraynada Rusiya xüsusi xidmət orqanları tərəfindən hazırlanmış səs-küylü qətllər silsiləsinin qarşısını alıb. Məqsəd ölkə daxilində qorxu, panika və sabitsizlik yaratmaq idi”, deyə Ukraynanın daxili işlər naziri İqor Klımenko bildirib.
Hüquq-mühafizə orqanları killerlərin Rusiya xüsusi xidmət orqanlarının sifarişi ilə hərəkət etdiyini ehtimal edir. Bildirilir ki, onlar əvvəlcə Moldova vətəndaşlarını ələ alır, daha sonra isə qətlləri həyata keçirmək üçün Ukraynaya göndərirdilər.
Ukraynaya gəldikdən sonra isə potensial hədəflər barədə ətraflı məlumat toplayıblar: yaşayış və iş ünvanları, hərəkət marşrutları, tez-tez olduqları yerlər, eləcə də qətlin mümkün icra üsulları araşdırılıb.
Bundan sonra killerlər Rusiya xüsusi xidmət orqanları ilə əlaqəsi olan kuratorun göstərişlərini gözləyiblər. Ümumilikdə, mümkün təşkilatçı da daxil olmaqla 10 şübhəli saxlanılıb. Nəşrin məlumatına görə, agent-döyüş qrupunun təşkilatçısı və koordinatoru 34 yaşlı Moldova vətəndaşı olub.
Onun daha əvvəl Rusiyada cəza çəkdiyi və məhz orada ələ alındığı ehtimal edilir. Milli Polisin məlumatına əsasən, o, Moldovaya qayıtdıqdan sonra ölkədə sabitsizlik yaratmağa və 2022–2023-cü illərdə kütləvi etiraz aksiyaları təşkil etməyə yönəlmiş "prorusiyapərəst qruplaşma”nı dəstəkləməyə başlayıb.
Sifarişli qətllərin icrası müqabilində Rusiya xüsusi xidmət orqanlarının nümayəndələri pul vəd ediblər.
"Rusiya tərəfi hər bir qətl üçün icraçılara 100 min ABŞ dollarınadək vəsait vəd edirdi. Məbləğ potensial qurbanın tanınmışlığı və təsir imkanlarından asılı idi", deyə Ukraynanın baş prokuroru Ruslan Kravçenko bildirib.
Baş prokuror Ruslan Kravçenko potensial hədəflər siyahısından yalnız bir ad açıqlayıb. Onun sözlərinə görə, hədəflərdən biri Ukrayna Hərbi Kəşfiyyat İdarəsinin (GUR) sözçüsü, Hərbi Əsirlərlə Davranış üzrə Koordinasiya Qərargahı rəhbərinin müavini Andriy Yusov ola bilərdi.
BBC hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən bildirir ki, digər hədəflərdən biri tanınmış ukraynalı jurnalist və bloger Dmitro Qordon olub.
Qeyd olunur ki, Rusiyada o, qiyabi olaraq "xarici agent” və "ekstremist” elan edilib və 14 il müddətinə azadlıqdan məhrum edilib.
Aydın
Şərhlər