Xəbər lenti

Azərbaycan Prezidentinə qarşı təxribata ilk olaraq ermənilərin ANCA təşkilatının reaksiya verməsi təsadüfi deyil - RƏY
Siyasət 15:41 20.02.2026

Azərbaycan Prezidentinə qarşı təxribata ilk olaraq ermənilərin ANCA təşkilatının reaksiya verməsi təsadüfi deyil - RƏY

Azərbaycan dövlətinə və onun Prezidentinə qarşı yönələn təxribatlar, aqressiv davranışlar qətiyyən qəbul edilmir və ən sərt şəkildə qınanılır.

Bunu "Report"a açıqlamasında deputat Vasif Qafarov deyib.

Onun sözlərinə görə, xaricdə yaşayan bir qrup anti-Azərbaycan ünsürün ABŞ-də Azərbaycan Prezidenti İlham Əliyevin qaldığı hotelə aqressiv və təhrikedici formada daxil olmağa cəhd etməsi ən sərt şəkildə qınanmalıdır.

Deputatın fikrincə, bu hadisə təkcə etik normaların deyil, eyni zamanda hüquqi çərçivələrin də açıq şəkildə pozulması, dövlət başçısının təhlükəsizliyinə qarşı yönəlmiş təhlükəli təxribat cəhdi kimi qiymətləndirilməlidir:

"Bu cür davranışlar heç bir halda "azad fikir", "etiraz hüququ" və ya "demokratik aksiya" adı altında ört-basdır edilə bilməz. Əksinə, bu, planlı şəkildə hazırlanmış, Azərbaycan dövlətinə, onun rəhbərliyinə və ümumilikdə xalqımıza qarşı nifrət üzərində qurulmuş iyrənc və məsuliyyətsiz bir təxribatdır. Qeyri-etik ifadələr, küçə jarqonu ilə təhqiramiz çıxışlar, qışqırıq və təzyiq yolu ilə təhlükəsizlik kordonunu yarmağa cəhd etmək həmin şəxslərin hansı səviyyədə mənəvi aşınmaya uğradığını və sivil davranışdan nə qədər uzaq olduqlarını bir daha sübut edir".



Deputat hesab edir ki, bu cür aksiyaların arxasında şovinist erməni lobbisi dayanır:

"Təsadüfi deyil ki, onların aqressiv və qeyri-əxlaqi aksiyasına ilk reaksiya və dəstək ermənilərin ANCA təşkilatı tərəfindən gəldi. Daha sonra dərhal səsini çıxaran Azərbaycanın düşməni Frenk Pallone oldu. F.Pallonenin erməni maliyyəsində oturduğu, erməni lobbisi tərəfindən idarə olunduğu, ANCA-dan maaş aldığı, Azərbaycanın düşməni olduğu, araşdırılarsa, onun da Menendez kimi cinayətlərdə əlinin olmasının üzə çıxacaq".

Deputat vurğulayıb ki, anti-milli ünsürlər şovinist erməni dairələri ilə əlbir olaraq Azərbaycana qarşı eyni cəbhədə yer alıblar və ən axırıncı yola qədəm qoymaqdan belə çəkinmirlər:

"Xüsusilə vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev Azərbaycan dövlətinin simvoludur. Onun təhlükəsizliyinə qarşı hər hansı aqressiv addım, əslində, Azərbaycanın suverenliyinə, dövlətçilik ənənələrinə, milli iradəsinə qarşı yönəlmiş bir addımdır. Bu səbəbdən də, belə təxribatlar yalnız bir şəxsə deyil, bütövlükdə Azərbaycan xalqına qarşı düşmən münasibətin göstəricisi kimi qəbul edilir".

--> -->