Xəbər lenti

Ənvər Həsənovun qəbirüstü abidəsi niyə hazırlanmır? (YENİLƏNİB)
Ölkə 16:36 13.10.2025

Ənvər Həsənovun qəbirüstü abidəsi niyə hazırlanmır? (YENİLƏNİB)

"Mənim Mədəniyyət Nazirliyinə əmr vermək kimi səlahiyyətim yoxdur. İctimai təşkilatıq".

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev Mədəniyyət Nazirliyinin Ənvər Həsənovun qəbirüstü abidəsinin hazırlanmasından imtina etməsinə aydınlıq gətirərkən deyib. 

Sədr sənət adamlarının kateqoriyalarına görə dəfn olunduğunu xatırladıb:

"Mən buna neynim? İnsanlar kateqoriyalarına görə dəfn edilir. Kateqoriyaları üstün olanlar Birinci Fəxri Xiyabanda, ondan az olanlar Qurd Qapısı qəbiristanlığında dəfn edilir. Əminə Yusifqızını da orada basdırdılar. Biz ictimai təşkilatıq, belə məsələlər isə nazirliyin səlahiyyətindədir".

Qeyd edək ki, Mədəniyyət Nazirliyi Xalq artisti Ənvər Həsənovun qəbirüstü abidəsinin hazırlanmasından imtina edib. Xalq artistinin qızı Aytən Həsənova atası dünyasını dəyişəndən bir neçə gün sonra ailə abidənin hazırlanması üçün Mədəniyyət Nazirliyinə müraciət edib:

"Bizə bildirdilər ki, atam Fəxri Xiyabanda dəfn olunmadığı üçün qəbirüstü abidəni hazırlaya bilməzlər", deyə Xalq artistinin qızı əlavə edib.
 
 
***
 
Mədəniyyət Nazirliyi Xalq artisti Ənvər Həsənovun qəbirüstü abidəsinin hazırlanmasından imtina etməsi ilə bağlı məlumata aydınlıq gətirib. Nazirlik Qaynarinfo-ya bildirib ki, Mədəniyyət Nazirliyinin fəaliyyəti "Mədəniyyət haqqında” Qanun və digər müvafiq normativ-hüquqi aktlarla müəyyən olunur:

"Nazirliyin əsas vəzifəsi milli mədəni irsin qorunması, incəsənətin və yaradıcı mühitin inkişaf etdirilməsi, həmçinin mədəniyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsidir. Qəbirüstü abidələrin hazırlanması və quraşdırılması məsələləri Mədəniyyət Nazirliyinin səlahiyyət dairəsinə daxil deyil və bu istiqamətdə qərarlar, adətən, ailə üzvlərinin təşəbbüsü ilə həyata keçirilir. Bununla belə, Nazirlik Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) və digər müvafiq qurumlarla birgə mümkün dəstək imkanlarının tapılması istiqamətində də çalışır.

Eyni zamanda qeyd olunmalıdır ki, Xalq artisti Ənvər Həsənovun səhhətinin ağır olduğu dövrdə Nazirlik onun vəziyyətini daim diqqətdə saxlamış, müalicə prosesinə mümkün dəstəyi göstərmişdir. Sənətkarın vəfatından sonra da Nazirlik onun xatirəsinin yad edilməsi tədbirlərinə, həmçinin ailəsinə mənəvi və təşkilati dəstəyini nümayiş etdirmişdir.

Mədəniyyət Nazirliyi Xalq artisti Ənvər Həsənovun zəngin yaradıcılıq irsini yüksək qiymətləndirir, onun Azərbaycan mədəniyyətində dərin iz qoyan fəaliyyətini böyük ehtiramla xatırlayır və sənətkarın xatirəsinin yaşadılmasına yönəlmiş təşəbbüsləri səlahiyyətləri çərçivəsində gələcəkdə də dəstəkləməyə hazırdır".

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->