Azərbaycan Avropa Hərəkatının həbsdə olan sədri, müstəqil bloger Ramin Hacılının anası Hürü Hacıyeva I Vitse-prezident Mehriban xanım Əliyevaya ürəkağrıdan müraciət ünvanlayıb.
Oxşar məzmunlu müraciət Prezidentin Hüquq-mühafizə orqanları ilə iş üzrə köməkçisi Fuad Ələsgərova, Ədliyyə Naziri Fərid Əhmədova və Baş prokuror Kamran Əliyevə də göndərilib. Hürü Hacıyevanın müraciətini təqdim edirik:
"Hörmətli Mehriban xanım!
Mən 4 ildən çoxdur məhbus həyatı yaşayan Ramin Hacılının anasıyam. Onu hansı səbəbə görə həbs ediblər, bilmirəm. Ancaq bunu əminliklə bilirəm ki, Ramin heç vaxt dövlətə, insanlara və vətənimizə zərər verəcək iş tutmaz!
Ramin uşaq olanda biz Füzuli rayonundan məcburi köçkün düşdük. O əzablı illərdə mən asma xəstəliyinə, atası isə xərçəng xəstəliyinə tutuldu. Həmin vaxt 11 yaşı olan böyük oğlum Ramin bizə və özündən 2 yaş kiçik qardaşına baxmaq üçün işləməyə başladı. Eyni vaxtda dərslərini də yaxşı oxuyurdu və ali məktəbə daxil oldu.
Ramin vaqonda böyüyüb, doyunca uşaqlıq yaşamayıb. Bu azmış kimi 10 ildən çox yataq xəstəsi olan atası dünyasını dəyişəndə Ramin çox böyük sarsıntı keçirdi. Eyni dövrdə əmisini, 9 yaşlı bibisi oğlunu, nənəsini itirən övladlarımın nə acılar yaşadığını sözlə ifadə etmək imkansızdır. Həyatı həmişə əzablar içində olan övladımın nə evi, nə maşını, nə mülkü var. 2014-cü ildə ailə həyatı qursa da, kirayələrdə yaşayıb.
Əziz Mehriban xanım!
Bir ana kimi məni başa düşəcəyinizə əmin olduğum üçün Sizə bu müraciəti edirəm. Siz də anasınız, övladlarınız da xeyirxahdır, özünüz də. Ramin tutulan gün bizə xəbər göndərmişdi ki, "pişikləri həyətə buraxmışam, onları evə salın, yaxşı baxın”. O balaca pişiklərin anasını maşın vurmuşdu, Ramin də balalarını gətirib evdə saxlayırdı. Necə ki, Sizin də övladlarınız humanist və xeyirxahdır və buna görə də onlarla fəxr edirsiniz, istərdim Raminlə də fəxr edəsiniz. Axı analar bütün övladlara qarşı rəhmli olur, onları qorumağa çalışır. Sizin qazilərimizlə görüş zamanı kövrəlməyiniz, şəhid ailələrinə və köməyə ehtiyacı olan hər kəsə göstərdiyiniz qayğı göz önündədir. Məhz bundan ümidlənərək Sizdən kömək istəmək qərarına gəldim.
Raminə qarşı istintaq orqanı tərəfindən irəli sürülmüş əsas ittihamlar üzrə məhkəmə ona bəraət veriləndə bir daha əmin oldum ki, o, heç vaxt dövlətimizə və insanlara zərər vuracaq iş tutmayıb.
Çox hörmətli Mehriban xanım!
Mən 62 yaşlı ağır asma xəstəsiyəm və yeganə əlimdən tutan Ramin idi. Övladım Hacılı Ramin Rasim oğlu hazırda ƏN PX-in 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir və o, artıq 3 il 4 aydır həbsdə saxlanılır. Bundan öncə - 2018-19-cu illərdə həbsdə saxlanıldığı 9 ay 10 gün də məhkəmə tərəfindən nəzərə alındığı üçün indiki vəziyyətdə ona təyin edilmiş 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasının yarıdan çox hissəsini (4 il müddətini) tamamlayıb.
Raminin gözləri çox zəifdir. Həkimi axırıncı dəfə demişdi ki, göz kanalları tutulur, dərman da yazmışdı. Artıq 4 ildən çoxdur həbsdədir. Məndən gizlətsə də bilirəm ki, bu müddət ərzində gözləri çox zəifləyib.
İndiki halda onun azadlığa çıxmaq şansı Sizin və cənab Prezidentimizin yardımı ilə mümkün ola bilər. Buna görə də üzümü Sizə tuturam. Dövlətimizin hər bir Azərbaycan vətəndaşına humanizmlə yanaşmasını verilmiş çoxsaylı əfv sərəncamları və amnistiya aktları təsdiq edir.
Sizdən Raminə qarşı hər hansı bir şəxsin şikayət və tələbinin olmamasını, ittiham olunduğu əsas maddələr üzrə ona bəraət verilməsini, ictimai fəaliyyəti dövründə ölkəmizə fayda verməsini, ailə vəziyyətini, dövlətimizə olan inamını və mənim ona olan ehtiyacımı nəzərə alaraq kömək etməyinizi və cəfalar içində atasız böyümüş oğlum Ramin Hacılını kimlərinsə məhv etməsinə imkan verməməyinizi ömrü boyu əzab çəkmiş bir ANA kimi xahiş edirəm.
Əvvəlcədən Sizə öz dərin minnətdarlığımı bildirirəm!
Dərin hörmətlə,
Hacıyeva Hürü Yavər qızı
Ünvan: Bakı şəhəri, Nizami rayonu E.Süleymanov küçəsi 139 (Vaqon-ev)
Tarix: 25 sentyabr 2024-cü il"
Şərhlər