Xəbər lenti

Qurbanov: “Qarabağ
İdman 18:45 14.11.2022

Qurbanov: “Qarabağ"ın tək ayaqla çempion olacağını düşünmürəm"

"Şamaxı”nın sabiq baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının gedişatını dəyərləndirib. 

Pro kateqoriyası almaq üçün imtahan verməyə hazırlaşan mütəxəssis Qaynarinfo-ya müsahibəsində həm hazırkı işləri həm də yığmanın son heyəti ilə bağlı düşüncələrini bölüşüb:

- Hazırda nə işlə məşğul olursunuz? Boş vaxtlarınızı necə keçirirsiniz?

- Hazırda "Qaradağ Lökbatan”da məşqçilər korpusunda yer alıram. Ayın sonunda olacaq imtahana hazırlaşıram. Azərbaycan çempionatını da izləyirəm. Mən və daha bir neçə nəfərin Pro ilə bağlı imtahanı qalıb. Bu imtahanı vermək üçün klubun olmalıdır. "Şamaxı”dan çıxandan sonra klubsuz olduğum üçün imtahan verə bilmədim. Belə şifahi olaraq çıxış edirdim. "Qaradağ Lökbatan”ın məşqçilər korpusunda yer almağım imtahan vermək üçün kifayət edir. Məşqlərdə müəmadi iştirak edirəm. İki aydır ki, başlamışam.  

- Komandada durum necədir?

- Keçən il çempion olublar. Bu il gözləntilər çoxdur. Məşqlərdə çox çalışırlar. Heyədə təcrübəlilərlə yanaşı gənclər də var. Məşqlər mən gözlədiyimdən də yaxşı səviyyədə keçir.

- Birinci Divizionla bağlı düşüncələriniz nədir?

- Digər komandalardan xəbərim yoxdur. Amma şəraitləri pis deyil. Lökbatanda bazaları, paltardəyişmə, fitnes otaqları var. Komanda üçün avtobus da ayrılıb. Məncə, Birinci Divizion klubuna görə şəraitləri yaxşıdır. Komandanı diqqət mərkəzində saxlaya bilirlər. Forma baxımından sıxıntıları yoxdur. Oyundan bir gün əvvəl bazada məskunlaşa bilirlər. Bütün bunlar sevindirici haldır. Çempionatda limit var və buna uyğun komanda qurulub. Bəlkə də daha çox diqqət olsa komandanın səviyyəsi yüksələr. Özlərini göstərməyə çalışırlar. 

- "Qaradağ Lökbatan”ın bu il çempionluq perspektivi necədir?

- Yeni qoşulduğuma görə hədəfləri açıqlamağım bir qədər düzgün olmaz. Amma bildiyimə görə çempion olduqdan sonra bir sıra gənc futbolçular burdan ayrılıb "Araz Naxçıvana” və digər klublara getdilər. Yeni futbolçular da var. İsənilən halda keçən il çempion olubarsa, yəqin ki, yaxşı yerlər uğrunda mübarizə aparacaqlar. 

- Azərbaycan Premyer Liqası necə keçir?

- Ötən gün "Sabah” - "Qarabağ” matçında anşlaq yaşandı. Buna çox sevinirdim. Azərbaycan çempionatında belə bir oyun izləmək çox yaxşı oldu. 10 min azarkeş - çoxdandır satdiobnlarımızda bu qədər insan olmurdu. Çempionatımız inkişaf edir, temp dəyişib. "Sabah” çempionata müəyyən qədər temp verir. Birinci dövrədə "Qarabağ”a 3:4 hesabı ilə uduzmuşdular. Digər komandalar da bu mübarizəyə qoşulublar. Çempionatda yaxşı, yadda qalan oyunlar var. Regionlarımızın da futbola qayıtması müsbət haldır. Gəncədəki stadionda ajiotaj olur. Baxmayaraq ki, stadionun tam dolmasına təhlükəsizlik baxımından icazə verilmir. "Kəpəz”lə "Turan Tovuz” çempionatımıza maraq qatıb.

- Bu komandaların çıxışı haqda nə düşünürsünüz?

- Ayxan Tovuza gedəndə hər kəs mübariz kollektiv olacağını gözləyirdi. "Kəpəz”də məşqçi dəyişikliyi oldu, bundan sonra komanda əməlli-başlı özünə gəlməkdədir. Başa düşürlər ki, azarkeşlər həm "Kəpəz”dən, həm də "Turan Tovuz”dan yaxşı nəticə gözləyir. Hər iki komanda müsbət sözlərə layiqdir.  Yaxşı komanda formalaşır. Yeni yaranan komandalar üçün ilk ildə Avroliqaya düşmək tələbi düzgün olmaz.

- Sabiq klubunuz haqqında hansı fikirdəsiniz?

- "Şamaxı”da heyətin əksəriyyəti gənc fubolçulardır. Premyer Liqada legionersiz oynayan yeganə klubdur. İlk günlərdə minimal hesabla məğlub olurdular. Mübariz keyfiyyətləri var. Burda məşqçilərin işini önə çıxarmaq isəyirəm. Həm Cavid, həm Vüqar çox yaxşı işlər görürlər. Son iki qələbə futbolçulara əlavə stimul, həvəs verdi. Komanda daim məğlub olsa məğlubiyyəə alışqan futbolçular yetişər. Ancaq tam əksinə oldu, "Şamaxı”da futbolçular mübarizə apara-apara qələbəyə inandılar. Səfərdə "Turan Tovuz”u məğlub etdilər. Hansı ki, digər komandalar Tovuzda əziyyət çəkir. "Sumqayıt” üzərində parlaq qələbə qazandılar. Fikrimcə, məşqçilərinin də dedikləri kimi, yeni futbolçular qazandığımızı görə biləcəyik.

- "Sumqayıt”ın zəif çıxışını nə ilə əlaqələndirirsiniz?

- Məni də çox təəccübləndirir. Heyət baxımından zəif deyillər. Komandadakı əcnəbiləri heç kim tanımır. Bu fubolçuları yalnız oyunlarda görürük. iki baş məşqçinin rəhbərliyi altında oynadılar. Aleksey Baqa ilə başladılar, Samir Abasovla davam edirlər. Hər iki haqda müsbət fikirdəyəm. Yaxşı nəicələri var. Sadəcə, bu vəziyyətin nə vaxta qədər davam edəcəyi maraqlıdır. "Neftçi” ilə oyunda vuruşa bildiklərini sübut etdilər. Daxildə nə baş verdiyini heç kim bilmir, amma Samirin bu vəziyyəti düzəldəcəyinə inamım böyükdür. Futbolda belə də olur. Ya radikal qərar verirsən, ya da səbrlə işləyib vəziyyətə uyğun addım atmalısan. Sən radikal qərar verib bəzi zərbələrə məruz qalacaqsansa və bu komandaya pis təsir edəcəksə, belə addım atmamalıasan. Komandanın içində olmaq və kənardan baxmaq tam fərqlidir. Qışda transferlər olacaq ki, bu da yeni nəfəs deməkdir. Rəqabət artacaq, bəlkə də bu, nəticəyə təsir edəcək. 

- "Sabah”ın özünü göstərməsinə baxmayaraq, bu mövsüm "Qarabağ”ın tək ayaqla çempion olacağını düşünənlər çoxdur. Siz necə fikirləşirsiniz?

- "Qarabağ” sıx qrafiklə oynayır. Qurban müəllim də futbolçuların yorğun olduğunu açıqlayıb. "Sabah”ı ilk hissədə "Qarabağ”ı üstələdi. İkinci hissənin sonlarına yaxın isə "Qarabağ” nəzarəti ələ aldı, qol vəziyyətləri yaratdı. Dünənki oyuna baxsaq, "Qarabağ”ın bu il rahat çempion olacağını düşünmürəm. Yorğunluq filan, bunlar detallardır. "Sabah” da rqəibinə əməlli-başlı təzyiq göstərdi. "Qarabağ”ın tək ayaqla çempion olacağını düşünmürəm. Bu mübarizəyə qış fasiləsindən sonra "Neftçi”nin də qoşulacağını gözləyirəm.

- Ümumiyyətlə bir mütəxəssis kimi "Neftçi”də oyun sistemi, üslub adına nəsə görürsünüz?

- Mən bir qədər fərqli gözlə baxıram. Elə oyunlar var ki, məşqçinin nə etmək, hardan-hara keçmək istədiyini anlayırsan. Bunlar təkrarlananda arıq bir məşqçinin komandasından nə istədiyini bilirsən. Elə oyunlar da olur ki, bunları görmürsən və baş sındırmaq lazım olduğunu hiss edirsən. Görürsən ki, ötən oyunla indiki arasında yerlə-göy qədər fərq var. "Neftçi” hazırda məhz bu dönəmi keçməkdədir. Regekampf bir müddətdir ki, komandadadır. "Neftçi”də rəqabt olmalıdır. Necə ki, "Qarabağ” iki heyətlə oynayır. Etiraf edək ki, 12-13 futbolçu ilə çempionluq yarışına qoşulmaq çətindir. Fubolçuların səviyyəsi nə qədər yüksək olsa da onu əvəzləyə biləcək başqası tapılmalıdır. "Neftçi” bu baxımdan "axsayır”. Komandanın durumunu qeyri-sabitliklə əlaqələndirirəm. Əlbəttə bütün oyunlara qələbə üçün çıxır, "flaqman” adı var. Qış fasiləsində transferlər həyata keçirsə, fikrimcə, "Neftçi” də məncə, bu mübarizəyə qoşulacaq.

- Yığmanın son heyəti açıqlandı. Sizi təəccübləndirən nəsə oldu?

- Canni De Byazi futbolçuları tanıyır, çempionatımızı izləyir, hətta məşqlərə də gəlib baxır. "Sabah”dan Ceyhun Nuriyev, "Qəbələ”dən Rövlan Muradov millimizə dəvət alıb. Təəccüblü deməyək, amma bu futbolçular yeni adlardır. Daha da yeni futbolçular olacağını gözləyə bilərik. Başa düşürük, o qədər də geniş olmayan heyətimiz var. Əsas oyunlarda da azərbaycanlıların çıxış edəcəyini gözləyirəm. Yeni adlar olacaq, məşqçi də bunları gözdən keçirəcək. Hər şey futbolçuların özündən asılıdır. Milli bu heyətlə uğur qazana bilər. Son üç oyunda bunu göstərdilər. "Qarabağ” həmin futbolçularla avrokuboklarda yaxşı çıxış edir. Çempionatımızda sürət yüksəlib. "Neftçi”nin, "Sabah”ın, "Qarabağ”ın formada olması yığmanın son üç oyunu uğurla başa vurmasına səbəb oldu. Bu da motivasiyadır. İstənilən halda milliyə kim dəvət alsa məsuliyyəti var. Canni De Byazidən hamı nəticə gözləyəcək. Nəticələrin necə olacağını zaman buraxaq.

Səbuhi Həsənov 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->