"Qarabağ”ın sabiq futbolçusu İlqar Qurbanov keçmiş komandasının Avroliqanın qrup mərhələsi çərçivəsində Fransa "Nant”ı üzərində möhtəşəm qələbəsinə münasibətini bildirib. Ağdam klubunun oyununu analiz edən veteran futbolçu komandanın çıxşını dəyərləndirib. Hazırda millilərimizdə skaut kimi fəaliyyət göstərən sabiq müdafiəçi həm də öz işləri ilə əlaqədar qarşıdakı planlardan danışıb.
O, Qaynarinfo-ya açıqlamasında ölkədə skaut sistemi yaratmaq üçün yetərincə dəstək görmədiyini də bildirib:
"Oyun elə bir vaxta düşdü ki, futbolçuları, heç kimi maraqlandırmırdı. Heç kim futbol hayında deyildi. Əlbəttə ki, belədə oyuna köklənmək çətin olur. Qurban Qurbanov da bu haqda danışmışdı. Oyuna gəlincə, hamı deyirdi ki, "Nant” belədir, elədir. Biz hələ də "Qarabağ”ın gücünü görmək istəmirik. Dərk etmək lazımdır ki, komanda artıq Avropa səviyyəsinə çatıb və keçib. İndi bundan sonrakı səviyyəni düşünməlidirlər. "Frayburq”a uduzsalar da, əzilmədilər. "Qarabağ”ın səviyyəsinin yüksək olduğunu dərk etməliyik. Biz onların haqqını vermirik. Hər dəfə deyirik ki, filan komanda gəlib udacaq. Amma belə deyil, "Qarabağ” artıq Avropa səviyyəli komandadır. Əlbəttə, Fransa çempionatı bizimkindən qat-qat üstündür. "Qarabağ”ın ən böyük üstünlüyü, onun avrokuboklardakı təcrübəsidir. Bunu həm "Nant”la, həm də "Frayburq”la oyunda göstərdi. Avropa arenası başqadır. Məsələn, türk klublarının büdcəsi çoxdur, amma Avropa təcrübələri azdır. Ona görə də ora çıxanda oynaya bilmirlər. "Nant”la oyun yaxşı başlamadılar. Şahruddin bir neçə dəfə top çıxardı. Sonradan "Qarabağ” nəzarəti üzərinə götürdü. Meydançanın yaxşı olmamasına baxmayaraq, birinci qolu möhtəşəm şəkildə, qısa ötürmələrlə, yerdəyişmələrlə vurdular. Yəqin ki, məşqlərdə bunun üzərində işləyiblər və bəhrəsini də görürlər. Bu qələbə ilə millətin üzünü güldürməyi bacardılar. Özü də rəqibin Fransa komandası olması oyunu bizim üçün daha önəmli edirdi. "Qarabağ”ın özünəinamı da rol oynadı. "Olimpiakos”la iki oyun qalıb. Qələbə qazansalar, şansları daha yaxşı olacaq”.
Qurbanov komandanın qrupdan çıxmaq şanslarının daha çox olduğunu deyir:
"Uzun illər bu komandanın parçası olmuşam. Bundan da çətin qruplarda oynamışıq. Hansı ki, həmin qruplarda, "İnter”, "Fiorentina”, "Tottenhem”, "Anderlext”, "Monako” kimi komandalar olub. Çempionlar Liqasının qrupuda oynayıblar. Komandanın gücünü bilirəm. İkinci yerlə qrupdan çıxacaqlarını gözləyirəm. Ən pis halda üçüncü yeri tutub Konfrans Liqasında davam etmələrini. "Frayburq” qəliz komandadır. Formadadırlar, evdə xal itirəcəklərinə inanmıram. Ona görə də onları favorit hesab edirəm”.
Bu oyunlardan sonra "Qarabağ”ın daha yüksək liqalarda, hətta top-çempionatlarda oynaya biləcəyini belə düşünənlər var. Veteran futbolçunun isə bu fikirlərə münasibəti belədir:
"Çox fərqli şeydir. Mən də belə söhbətlər eşidirəm. Bu cür müqayisə düzgün deyil. Portuqaliyada iki-üç klub var. Digərləri "Qarabağ”dan daha aşğı səviyyəlidir. Həmin klubların oyunçuları "Qarabağ”da, Azərbaycanda, Türkiyədə oynamaq üçün yalvarırlar. Top-liqalarda isə "Qarabağ” üçün çətin olar. Məncə, mənasızdır belə müqayisə. Həm klubları yaxşıdır, həm də mövsüm ərzində 40-dan çox oyun keçirirsən. Məsələn, "Fənərbağça” 100 milyon pul xərcləyir, "Hatayspor”u uda bilmir. Sadəcə, birmənalı olaraq "Qarabağ”ın baş məşqçisi güclüdür. Sistem və məşqçi… Bu da bir-iki deyil, 10 ilin əməyidir. Mən əvvəldən orada oynamışam. Həmin vaxtlarda baza, məşq etməyə meydança yox idi. Quzanlıya gedirdik. Bunların hamısını keçmişik. Çəkdikləri əziyyətin bəhrəsini görürlər”.
"Qarabağ”ın Avroliqada nə qədər irəli getmək imkanı var” sualına sabiq futbolçu belə cavab verir:
"Artıq belə düşüncələr var ki, "Qarabağ” Avroliqada deyil, ÇL-in qrupunda oynamalıdır. Sən bir öz çempionatına bax, sonra ÇL-dən, Avroliqanın 1/4 final mərhələsindən danış. "Başakşəhər”in büdcəsi nə qədərdir, kimlər oynayır və indi haradadı? Konfrans Liqasında. Ona görə deyirəm ki, "Qarabağ”ın nələrə imza atdığını camaat dərk etmir. Bəziləri yazır ki, "Qarabağ” "Viktoriya”nı keçməli, "Barselona” Bakıya gəlməli idi. Sən əvvəlcə öz çempionatının səviyəsini qaldırsan, "Barselona” hər il Bakıya gələr. "Barselona” ilə oynamaq üçün ən azı 10 dənə 2-3 milyonluq futbolçu almalısan. Bu, elə də rahat deyil. "Qarabağ”ın pulu yoxdur ki, yaxşı futbolçu alsın? Sadəcə, oyunçu gəlmir. Mən skaut işi ilə məşğulam, bilirəm. Ayda 6 min alan futbolçu Kiprə, Yunanıstana gedir, bilir ki, tramplin var. Halbuki həmin oyunçuya 150 min verirlər, amma Azərbaycana gəlmir. Bizim çempionata kim baxır ki? Xariciləri bir kənara qoyuram, hansı yerli Azərbaycan çempionatına baxır? "Qarabağ”ın oyununda nə qədər azarkeş var idi? Azərbaycan çempionatında "Qarabağ”ın oyunlarına bu qədər azarkeş gəlir? Öz insanlarımıza dəyər verməliyik. Komandalarda iş düzgün qurulmalıdır. Hər kəs öz işini görməlidir. Azərbaycanda çox az klub bu şəkildə fəaliyyət göstərir. Ona görə də "Qarabağ” uğurludur, digərləri də yavaş-yavaş nəticələrini yaxşılaşdıracaq”.
Qurbanov ona skaut işi təklif edənlər olduğunu da deyir:
"Skaut kimi hansısa futbolçular barədə məlumat almağımı istəyənlər, bu mənada iş təklif edənlər var. Mən isə skaut sistemi qurmaq istəyirəm. Bu il "Kəpəz”ə nə qədər legioner gəlib? Biabırçılıqdır, Azərbaycana gələn bir çox futbolçular heç min manatlıq deyillər. Amma gedin müqavilələrinə baxın, görün nə qədər yazıblar? "Kəpəz” niyə bu vəziyyətdə oynamalıdır.? "Neftçi” niyə uzun illərdir qrupda oynamır? Çünki bilinmir məşqçi kimdir, nə iş görür?”
O, skaut fəaliyyəti ilə bağlı qarşıdakı planlarından danışarkən, sistem qurmaq üçün əlindən gələni etdiyini bildirir:
"Artıq ikinci ildir fəaliyyətimi davam etdirirəm. Birinci ildə kənardan 7-8 azərbaycanlı futbolçu tapdım. Hamısı da yaxşı oynayır, bəyənilir. Həmin futbolçuları ancaq millilərə göndərirəm. Son vaxtlarda işlərdə bir qədər durğunluq, qeyri-müəyyənlik var. Həll olunmasını gözləyirəm, öz tələblərim var. Sistemi doğru-düzgün işlətmək fikirləri varsa, işlətsinlər. Görmək istəmirlərsə… Sistemi qurmaq lazımdır. Əvvəlcə milli, sonra klublar bundan yararlanmalıdır. İndi hamı skaut sistemi ilə işləyir. Menecer kluba futbolçu təklif edirsə, özünün də futboldan anlayışı olmalıdır. Komandanı menecer qurursa, məşqçi necə inkişaf etsin? Dünyanın heç bir yerində görməmişəm ki, idman direktoru komandaya futbolçu gətirsin. İdman direktoru futbolçu ilə sadəcə, danışmalıdır. Ən böyük arzum bu sistemi qurmaqdır. Klublar da istifadə etsinlər. Görürəm ki, çətindir, dəstək azdır. Buna baxmayaraq, "dirəşmişəm”. Çünki bir il içində yaxşı işlər görmüşəm, hamısı göz qabağındadır. Sözümüzü deməliyik. İnanıram ki, sistemi düzgün şəkildə icra edərik, dəstək də verərlər”.
Səbuhi Həsənov
Şərhlər