Xəbər lenti

Qurban Qurbanovdan qələbə şərhi: Futbolçulara demişdim ki...
İdman 01:44 17.09.2025

Qurban Qurbanovdan qələbə şərhi: Futbolçulara demişdim ki...

"Qarabağ" futbolçularının özünə inamı qələbə qazanmağa kömək edib.

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda "Benfika"ya (Portuqaliya) qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis səfərdə qazanılan tarixi qələbədən danışıb:

"Futbolçularımı bu uğura görə təbrik edirəm. Yaxşı oyunla yaxşı qalibiyyət əldə etdik. Əslində bu gün məğlub da ola bilərdik. Çünki start fitindən sonra üstünlük rəqibin tərəfində idi. Oyunu öz xeyirimzə dəyişmək heç də asan görünmürdü. Futbolçularımdakı inam bizə qələbə qazanmağa kömək etdi. "Benfika"ya qalib gəlməyimiz onların zəif olduğu anlamına gəlmir. Onlar topla çox yaxşı rəftar etməyi bacarırlar. Oyundan əvvəlki mətbuat konfransında futbolçularımın çətinlik çəkəcəyini demişdim. Şükürlər olsun ki, qələbə qazandıq. "Benfika"ya qarşıdakı matçlarda uğurlar arzu edirəm".

O, bu cür matçlarda qazanılan qələbələrin asan başa gəlmədiyini bildirib:

"Futbol artıq elə bil səviyyəyə çatıb ki, burada asan rəqib olmur. Mən futbolçulara ilk dəqiqədən etibarən demişdim ki, bu oyundan həzz almalıyıq. Çünki bu, Çermpionlar Liqasının qarşılaşması idi. Oyunçularımın üzərinə gedirdim ki, biz daha cəsarətli olmalıyıq. Səhvlər gözlənilən idi, çünki qarşımızda güclü komanda var idi. Bununla belə, öz oyunumuzu itirmədik". 

Qeyd edək ki, "Benfika" - "Qarabağ" oyunu Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->