QUR Rusiyanın “xilasedici” adı altında gizlətdiyi hərbi gəmini vurdu (VİDEO)
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi sentyabrın 10-na keçən gecə uzaqmənzilli dronlarla Rusiyaya məxsus MPSV07 layihəli gəmiyə zərbə endirib. Hadisə Novorossiysk yaxınlığında baş verib. Rusiya bu gəmiləri formal olaraq "xilasedici” kimi təqdim etsə də, əslində onları kəşfiyyat məqsədilə istifadə edir.
Qaynarinfo "Defense Express”ə istinadla yazır ki, yayılan kadrlarda gəminin radioelektron avadanlığının sıradan çıxarılması görünür.
Rusiya tərəfi bu tip çoxməqsədli gəmiləri əlavə cihazlarla təchiz edir, üstlərinə isə "Rescuer” ("Spasatel” – "Xilasedici”) yazaraq gizlədir. Analitiklərin fikrincə, onların hidrolokasiya və dalğıc kompleksləri həmçinin sualtı obyektlərə qarşı diversiya əməliyyatlarında istifadə edilə bilər. Ekspertlər bunu hərbi gəmini xilasedici adı ilə gizlətməklə müharibə qaydalarının pozulması kimi qiymətləndirirlər.
Monitorinq xidmətlərinin məlumatına əsasən, həmin vaxt Novorossiysk ərazisində "Spasatel İlin” adlı gəmi ola bilərdi. Lakin QUR bildirib ki, vurulan gəmi 2015-ci ildə istifadəyə verilib. Bu isə "Spasatel Demidov”un göstəricilərinə uyğundur, amma o gəminin hazırda Murmansk bölgəsində olduğu qeyd olunur.
Rusiya donanmasının ümumilikdə beş MPSV07 tipli gəmisi var. Birincisi – "Spasatel Karev” 2012-ci ildə, sonuncusu – "Spasatel İlin” 2023-cü ildə istifadəyə verilib. Həmçinin "Spasatel Qruzin” adlı daha bir gəminin 2024-cü ildə tamamlanacağı planlaşdırılsa da, hələ istismara buraxıldığı barədə məlumat yoxdur.
Ukrayna kəşfiyyatının açıqlamasına görə, zərbə nəticəsində təxminən 60 milyon dollar dəyərində olan bahalı hərbi hədəf məhv edilib. Hadisə zamanı gəmi radioelektron kəşfiyyat aparır və Novorossiysk buxtasına girişləri patrul edirdi. Burada Rusiya "Kalibr” raketlərinin daşıyıcılarını yerləşdirib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər