"Evimdə qonağımla oturduğum yerdə ölüm xəbərini alan adam necə olar? Mənə çox pis təsir edib".
Bunu Qaynarinfo-ya açıqlamasında qiraətçi Natiq Dağlaroğlu ölüm xəbərindən danışarkən deyib.
O, hazırda həyatda olduğunu və rahatca nəfəs aldığını vurğulayıb:
"Həyətdə oturmuşam, sağam, nəfəs alıram, səhhətim də yaxşıdır. Gələn zənglərə də cavab verirəm. Mənim elə də ağır xəstəliyim yoxdur axı. Sağalmaz, ağır xəstəlik olsa, yenə deyərdim, yazıblar da. Həyatda olan adamı öldürmək düz deyil, ölüm hamı üçündür. Xəstəlik hamı üçündür. Mən heç kəsə pislik etməmişəm. Həyatım boyu bir adama pisliyim dəyməyib, həmişə kasıbın yanında olan biriyəm. Özüm də kasıb adamam. Yaxşı övladlarım var, ölsəm də, gözüm arxada qalmaz. Balalarıma gözəl tərbiyə vermişəm. Yazıblar, Natiq öldü. Yazırlar da, neynəyim... Kiminsə ağzını yuman deyiləm".
Natiq Dağlaroğlu ölüm xəbərini necə aldığından da danışıb:
"Tacir Şahmalıoğlu bizə gəlmişdi, oturub dərdləşirdik. Birdən oğlum zəng etdi ki, ata hardasan? Dedim, harda qoyub getmisənsə, ordayam. Dedi ki, ata mətbuatda yazıblar ki, Natiq Dağlaroğlu dünyasını dəyişib. Sağ ikən ölüm xəbərimi də eşitdim. Allah rəhmət eləsin, Məhəbbət Kazımov öz ölümünü 5 dəfə eşitdi. Bu xəbərlərdən sonra yazıq heç bir il yaşamadı. Allaha şükür olsun ki, sağalmayan xəstəliyim yoxdur. Həkimlər səhvən əməliyyat edib, artıq yoluna qoymuşam".
Sənət adamı ölüm xəbərindən bacısının yıxıldığını bildirib:
"Bacım rayonda yaşayır, xəbəri eşidib yıxılıb, bəlkə başı daşa dəyərdi? Belə xəbərləri yayanda öldürdüyünüz adamların ailəsini, yaxınlarını da düşünün. Bir Natiq ölməklə nə olar, ölənlərdən biri də mən. Bunları düşünəndə ölüm xəbərim mənə çox pis təsir elədi”.
Xatırladaq ki, bir müddət öncə toyda bıçaqlanan bədii qiraətçi Natiq Dağlaroğlunun ölüm xəbəri yayılıb.
Bahar Rüstəmli
Şərhlər