Sumqayıtda boks məşqçisi Ramil Məmmədzadə tələbələrinə küçədə dərs keçir.
Fanat.az xəbər verir ki, Ramil Məmmədzadə bu addımını məşq üçün zal olmaması ilə əsaslandırır.
Onun sözlərinə görə, dəfələrlər zal üçün müraciət etsə də, nəticəsi olmayıb.
"Mən uzun illərdir ki, boks üzrə məşqçiyəm. Son illər Azərbaycanda boks sahəsində geriləmələr müşahidə olunub. Bu barədə dəfələrlər danışmışam. Mətbuata açıqlamalar vermişəm. Hətta Azərbaycan Boks Federasiyasının rəhbər şəxsləri ilə görüşmüşəm. Onlara vəziyyətin heç ürəkaçan olmadığını izah etmişəm. Amma nəticə yoxdur", - deyə Ramil Məmmədzadə bildirib.
Məşqçi deyir ki, əslində zal var. Sadəcə problem ondadır ki, həmin zallarda məşqlər pullu keçirilməlidir. "Mən uşaqlardan necə pul tələb edim? Elə uşaq var ki, istedadı var, çox yaxşı nəticələr göstərə bilər. Amma imkanı olmadığına görə məşqlərə gedə bilmir. Mənim üçün anlaşılan deyil ki, hansı səbəbdən dövlətin balansında olan zallarda məşqlər pullu olmalıdır? Fərdi, özəl məşqlər anlaşılandır. Amma dövlətin balansında idman kompleksində məşqlərin pullu olmasını heç cür anlamıram", - məşqçi vurğulayıb.
Ramil Məmmədzadə onu da əlavə edib ki, bununla bağlı tənqidi fikirlər söylədiyinə görə özü də "qara siyahı"ya düşüb. "Hər dəfə bir bəhanə gəririlər. İndi deyirlər ki, diplomun yoxdur, ona görə zal ayırmrıq. Mən boksçuyam. İndiyə qədər onlarla boksçu yetişdirmişəm. Diplom sadəcə bəhanədir. Mənim nöqsanları dilə gətirməyim kimlərinsə xoşuna gəlmir. Ona görə də qalmışam zalsız. Məcbur olub uşaqlara küçədə məşq keçirəm. İndi yaydır, bu mümkündür. Qışda necə olacaq bilmirəm", - deyə məşqçi vurğulayıb.
Şərhlər