Xəbər lenti

Qaqauzlar niyə Rusiyanı seçdilər? (ŞƏRH)
Dünya 19:52 22.10.2024

Qaqauzlar niyə Rusiyanı seçdilər? (ŞƏRH)

"Etnik azlıq kimi tanınan qaqauzların provaslav xristian olmaları Moldovanın Avropaya inteqrasiyası əleyhinə çıxmalarında mühüm rol oynayır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rauf Mirqədirov Moldovada keçirilən prezident seçkiləri və referendumda türkdilli qaqauzların ölkənin avrointeqrasiyası əleyhinə olmaları səbəbindən danışarkən deyib.

"Çox əcaib prosesləri müşahidə edirik. Qaqauzlar provaslav xristianlarıdır. Bu da sözsüz ki, onların Moldovanın Avrointeqrasiya məsələsinə qarşı çıxmalarında mövqelərinə müəyyən təsir edən amillərdəndir. Onun nəticəsidir ki, qaqauzlar türkdilli olmalarına baxmayaraq, Rusiyaya daha yaxındırlar", deyə Rauf Mirqədirov bildirib.
 


Həmsöhbətimizə görə, ikinci amil isə qaqauzların etnik azlıq olması ilə əlaqədardır:

"Ənənəvi olaraq da, bütün postsovet məkanında entik azlıqlar ölkənin əsas etnosuna müxalifətdə olurlar. Həmin etnik azlıqların əksəriyyətinin  ənənəvi olaraq Avropa İttifaqı tərkibində milli çoxluq təşkil edən ölkəsi yoxdursa, bu azlıqlar adətən Rusiyanın yanında olmağı seçirlər. Bunu Dnestryanı bölgəsındə də görürük. Buradakı əhalinin əksəriyyəti heç də ruslardan ibarət deyil. Orada moldovanlar və ukraynalılar da var.  Moldovanlarla ukraynalılar koalisiyada birləşə bilsələr, çoxluq təşkil edə bilərlər. Amma məsələ ondadır ki, Ukraynada müharibəyə baxmayaraq, Moldovanın Ukrayna icması daha çox Rusiya tərəfini seçir. Bu faktor ciddi şəkildə rol oynayır". 

Rauf Mirqədirov düşünür ki, yaranmış vəziyyətə qaqauzlara türkdilli dövlətlərin kifayət qədər ciddi təsirlərinin olması da öz sözünü deyib:

"Rusiya kimi ölkələr keçmiş postsovet məkanında yaşayan etnik azlıqları ələ almağın müxtəlif yollarından istifadə edir ki, onları öz tərəfinə çəkə bilsin".

Qeyd edək ki, Moldovada keçirilən seçkilər, xüsusən də referendumda qərbpərəstlər çətinliklə, cüzi fərqlə qələbə qazana biliblər. Amma burada  maraqlısı odur ki, ötən bazar günü baş tutan bu prosesdə Moldovanın əsas əhalisi olan moldovanlar o qədər də aktivlik nümayiş etdirməyib. Lakin ölkədə  yaşayan etnik azlıqlar, xüsusən də qaqauzlar mütləq əksəriyyətlə referendumda aktiv olaraq Moldovanın avrointeqrasiyası əleyhinə səs veriblər. 

Yəni avrointeqrasiya əleyhdarlarının Moldovada böyük səs qazanmalarında ölkədə yaşayan etnik azlıqlar, əlalxüsus da türkdilli qaqauzlar daha çeviklik nümayiş etdiriblər. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->