İnternetdə məhsuldarlığı artırmaq üçün saysız-hesabsız tövsiyələr mövcuddur. Onların bəziləri həqiqətən faydalı olsa da, bəziləri ya heç bir effekt vermir, ya da əksinə zərərli ola bilər. Hətta elə məsləhətlər var ki, bir qrup insan üçün yararlı olsa da, digərlərinə mənfi təsir göstərir.
Qaynarinfo-nun məlumatına görə, "Forbes" üçün yazdığı məqalədə psixoloq Mark Trevers qeyd edir ki, müasir məhsuldarlıq mədəniyyəti "doğru sistem” tapmaq ideyasını – səhər ritualı, tətbiq və ya dəqiq iş prosesi kimi yanaşmaları – həddindən artıq ideallaşdırır. Lakin bu yanaşma universal deyil, xüsusilə də yüksək intellektli insanların iş tərzi daha mürəkkəbdir.
"Bütün məhsuldarlıq tövsiyələri dərin düşünən insanlar üçün uyğun deyil. Ən çox təriflənən bəzi vərdişlər əslində diqqəti və analitik düşüncəni zəiflədə bilər", deyə psixoloq yazır.
Məqalədə məhsuldarlığı azaldan üç əsas "lifehack” qeyd olunur.
1. Erkən oyanmaq
Mütəxəssis ilk problemli vərdiş kimi sərt səhər rejimini göstərir. "Uğurlu insan səhər 5-də oyanır” stereotipi hər kəsin bioloji ritmini nəzərə almır. Araşdırmalar göstərir ki, yüksək intellektli insanların vahid "ideal” rejimi yoxdur və onların yuxu ritmi daha çox iş qrafikindən asılıdır. Trevorsa görə, məhsuldarlıq insanın təbii enerji piklərinə uyğun işlədikdə artır.
2. Multitasking (çoxtapşırıqlılıq)
Müasir iş mühiti eyni anda bir neçə işi görməyi təşviq etsə də, bu həmişə effektiv deyil. Tapşırıqlar arasında tez-tez keçid diqqəti parçalayır, əlavə zehni yük yaradır və düşünmə keyfiyyətini azaldır. Xüsusilə analitik və yaradıcı işlərdə bu yanaşma daha zərərlidir.
3. Həddindən artıq optimallaşdırma
Son illərdə müxtəlif tətbiqlər və süni intellekt alətləri işin təşkilində geniş istifadə olunur. Lakin bu, bəzən "meta-iş”ə çevrilir: insan əsas işi görmək əvəzinə sistemləri qurmağa və tənzimləməyə daha çox vaxt sərf edir.
Psixoloq "xarici yaddaş effekti”nə də diqqət çəkir – insanlar öz yaddaş və düşünmə bacarıqları əvəzinə cihazlara həddindən artıq güvənirlər.
"Bir neçə alətlə paralel işlədikdə, işin mahiyyəti dəyişir: siz tapşırığı yerinə yetirmək əvəzinə onun ətrafındakı sistemi optimallaşdırırsınız”, deyə o bildirir.
Nəticə olaraq Trevers vurğulayır ki, məhsuldarlıq üçün universal resept yoxdur. Ən yaxşı nəticə başqalarının sistemlərini kor-koranə təqlid etməklə deyil, insanın öz düşüncə tərzinə uyğun iş şəraiti yaratmaqla əldə olunur.
Aydın
Şərhlər