Cəmir bir tur qalıb. Həmin turun qarşılaşmaları da oynanacaq və beləliklə Azərbaycan çempionatında qış fasiləsi elan olunacaq. Legionerlər yeni ili qarşılamaq, Milad bayramını qeyd etmək, ailələrini və əzizlərini görmək üçün vətənlərinə yollanacaqlar. Yerlilərdən də kimisi bölgələrə gedib, nəfəsini dərəcək, bir qismi Ümrəyə gedəcək, digərləri də Avropanın şəhərlərində qısa istirahətini edəcək. Bütün bunlar öz yerində. Biz də üzərimizə düşüb, geriyə boylanmağa, komandaların şanslarını dəyərləndirməyə çalışacağıq.
Xüsusi nəyisə dəyərləndirməyə heç gərək də qalmır. "Qarabağ” dünən "Sumqayıt”ın qapısından beş cavabsız top keçirdi və bir həftə öncə əldən verdiyi liderlik kürsüsünü özünə qaytardı. Qurban Qurbanov yenə də ehtiyat qüvvəni meydana buraxmışdı. Elə bu heyət yetərli oldu, "köhlən atlar” öz azarkeşlərini böyükhesablı qələbəylə sevindirdilər. Artıq çox az adam şübhə edir ki, mövsümün sonunda "Qarabağ” növbəti çempionluğunu bayram edəcək. Deməli, sual doğuran digər pillələri kimin tutacağı, mükafatçıların və elitanı tərk edəcək komandanın hansılar olacağıdır.
Bütün bunlar öz yerində. Zamanı gələndə həmin məqamlara biz də toxunarıq. Bu gün söhbət açmaq istədiyim mətləblər başqadır. Ötən həftəsonu baş tutan oyunlardan ikisi qolsuz heç-heçəylə yekunlaşdı. Birincisi Şamaxıda eyniadlı komandanın "Səbail”lə görüşü idi. Digəri isə Zirədə qəsəbə təmsilçisinin "Turan Tovuzu” qəbul etdiyi oyun. Bəribaşdan deyim ki, futbolda üç nəticənin mövcudluğunu mən də bilirəm. Komandalar udub-uduzduğu kimi, bərabərliklə də meydandan ayrıla bilərlər. Amma bəzən zaman və şərait, qarşıya qoyulan məqsədlər daha böyük fədakarlıqlar tələb edir, komandalar riski gözə almalı olurlar.
Başlayaq "Şamaxı”dan. Ayxan Abbasovun çalışdırdığı komanda əvvəlki turda "Turan Tovuz”un qapısına iki dəfə yol tapmışdı, hətta qərb səfərindən xalla dönməyə yaxın olmuşdu. Düşünmək olardı ki, bu yüksək tempin davamı "Səbail”lə oyunda gələcək. Rəqib sonuncu pillənin sahibidir, özü də son qələbəsini elə "Şamaxı” ilə oyunda qazanıb. 3 xalı bayram etmək üçün bundan böyük motivasiya? Elə "Səbail”in özünə də qələbə hava-su kimi vacib idi. "Kəpəz”in "Neftçi”yə məğlub olması ehtimalları yüksək olduğundan Şamaxıda qələbə qazanıb, sonuncu pilləni tərk etmək də real idi. Amma Şamaxıdakı 90 dəqiqəni izləyənləri yuxu basdı. Tərəflərdən heç biri riski gözü almadı, sanki uduzmadıqlarına şükr etdilər.
Eyni ssenari "Zirə”ylə "Turan Tovuz”un görüşündə də "yazıldı”. Qarşısına avrokuboklara vəsiqə qazanmağı hədəf kimi qoyanlar komandaların heç biri hücuma meyl göstərmədilər. Bu yerdə onu qeyd edək ki, "Turan Tovuz” son 6 oyunda cəmi bir qələbə qazana bilib. Kurban Berdiyevin çalışdırdığı komanda "sülhsevərliyi” ilə ad çıxarıb. Elə "Zirə”də qələbə qazanmaq üçün alışıb-yananlardan deyil. Ötən 17 tur ərzində 9 oyunda qələbəyə həsrət qalan qəsəbə təmsilçisinin lider "Qarabağ”dan 14, ikinci pillədəki "Araz Naxçıvan”dan 12 xal geridə qalmasının əsas səbəbi də budur.
Uzun sözün qısası, bir-birinin kölgəsindən ehtiyat edən klublarımızın əsas məqsədi uduzmamaqdır. Onlar prinsipial görüşlərə "dəymə mənə, mən də dəyməyim sənə” devizi ilə meydana çıxırlar. Bunun da "meyvəsi”ni avrokuboklarda dadırıq.
Amal Abuşov
Şərhlər