"İctimai nəqliyyatda biletin aktivolma müddətinin 5 dəqiqəyə qaldırılması təklifini dəstəkləyirəm".
Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov iqtisadçı ekspert Samir Əliyevin ictimai nəqliyyatdan istifadə zamanı M10 tətbiqi üzərindən QR kod vasitəsilə gediş haqlarının ödənişin aktivolma müddətinin 5 dəqiqəyə qaldırılması təklifini şərh edərkən deyib.
Ekspert bunun təqdirəlayiq bir hal olduğunu vurğulayıb:
"Vaxtın az olması ictimai nəqliyyatda sıxlıq yaradır. Bu müddət nəzərə alınmalıdır. Vaxtın uzadılması və keyfiyyətin yüksəlməsi məqsədi ilə müəyyən qərarlar qəbul edəcəklər. M10 tətbiqi üzərində QR kodun əvəz edilməsi, yəni QR kodla ödənişin daha çevik əldə edilməsi sevindirici hallardan biridir. Bu qaydalardan dünyada geniş istifadə edilir".
Qeyd edək ki, iqtisadçı ekspert Samir Əliyev ictimai nəqliyyatda biletin aktivolma müddətinin 5 dəqiqəyə qaldırılmasını təklif edib:
"M10 tətbiqi üzərindən QR kod vasitəsilə şəhərdaxili nəqliyyatda gediş haqlarının ödənişi funksiyası çox faydalıdır. Bu funksiya Bakı kartı rahatlıqla əvəz edə bilir və balansın bitməsi kimi arzuolunmaz vəziyyətlərdən sərnişinləri qoruyur. Xüsusilə gənclər bu funksiyadan yararlanır. Ancaq bu funksiyada bir çatışmazlıq var. Tətbiqdə yaradılmış biletin aktiv olma müddəti 1 dəqiqədir. Bu müddət 2 səbəbə görə artırılmalıdır:
1. Avtobusa minmə müddəti bir sıra hallarda 1 dəqiqədən çox çəkir. Özüm bu halla üzləşmişəm. Bir dəfə avtobusa minəndə məlum oldu ki, biletin müddəti bitib və 50 qəpik sərf olunub, məcbur olub ikinci dəfə bilet yaratdım.
2. Müddət az olduğu üçün sərnişinlər bilet yaratma funksiyasını yalnız avtobusa minəndə işə salır və bu əlavə olaraq həmin sərnişinlərin hər birinin 3-4 saniyə hərəkəti saxlaması ilə nəticələnir. Və ya bileti əvvəlcə aktiv etmiş sərnişinin bileti itirməmək üçün basabas yaratmaq cəhdləri baş verir.
Səhv etmirəmsə aylar öncə bietin aktivolma müddəti 5 dəqiqə idi. Fikrimcə, bu müddəti yenidən 5 dəqiqəyədək artırmaq faydalı olardı".
Bahar Rüstəmli
Şərhlər