Xəbər lenti

Peçorinin ölümü...
Məmməd SÜLEYMANOV
Dünya 10:37 31.07.2020

Peçorinin ölümü...

Məmməd Süleymanov

Qriqori Peçorin əslində Lermontovun özü idi. Obrazla müəllifin xarakter oxşarlığına hələ Belinski diqqət etmişdi. Belinskiyə görə, bu oxşarlıq "insanlara və həyata soyuq münasibət”də özünü göstərirdi.

Və Peçorin kitabdan həyata düşsəydi, o da dueldə ölərdi. Verteri öldürüb özü xilas olan Hötedən fərqli olaraq, Peçorini sağ qoyan Lermontov özü duelə can atdı və öldü...

***

27 iyul 1841-ci il. Şimali Qafqaz, Pyatiqorsk şəhərinin yaxınlığı, Maşuk dağının ətəyi.

Həmin gün burada axşam saat 7 radələrində, leysan yağışın altında böyük şair, 27 yaşlı Mixail Lermontov ömrünün ikinci və sonuncu duelində köhnə tanışı və yoldaşı, 26 yaşlı Nikolay Martınovun gülləsindən aldığı ölümcül yaradan can verir. Güllə şairin sağ böyründən daxil olub sinəsinin sol tərəfindən çıxır. Lermontov yerindəcə keçinir.

Çoxlarının Puşkinin boş qalmış pyedestalına əsas namizəd saydığı şairin ömrünün bu cür tezliklə və dueldə bitəcəyini cəmisi 2 gün əvvəl heç kəs ağlına gətirməzdi. Dueldə ilk atəşi Lermontov açmalıydı. O isə revolverini yuxarı tuşlayaraq havaya atəş edir və bununla da dueli bitmiş sayır. Ancaq kinli Martınov həmin hərəkəti təkrarlamır. O, şairi öldürür.

O illərin zövqlərinə bu günlərin zövqlərindən baxanda təəccüblənməyə bilmirsən: qürur və dürüstlük kodeksi tamamilə fərqli, ancaq elə indiki qədər də anlaşılmaz görünür. İki keçmiş yoldaş qürbət Qafqazda nəyi bölə bilməmişdi? Bunları aydınlatmaq üçün duelin baş verdiyi gündən 2 gün geriyə dönmək gərəkdir.

***

Lermontovla Martınovun taleyüklü toqquşması iyulun 25-də, general Verzilinin xanımınının təşkil etdiyi qəbulda baş verir. Lermontov ilk dəfə deyildi ki, Martınovla söz duelinə çıxırdı. O, Martınovu istedadsız qələm sahibi sayır (həqiqətdən elə də uzaq nəticə deyildi), onun uzun xəncər gəzdirməsini və dağlı paltarında gəzməsini zarafata çevirirdi. Digər xırda səbəblər də göstərilir - məsələn, Martınov Lermontovun "Knyaginya Meri” əsərindəki Qruşevski obrazını özünə həcv sayırdı. Yaxud, onların hər ikisinin eyni qızdan - Verzilinin qızı Emiliyadan xoşu gəlirdi. Həmin qəbulda baş verənlər barədə digər iştirakçılarla yanaşı, Emiliyanın (ərə gedəndən sonra soyadı - Şan-Girey) da xatirələri var.

O, xatirələrində yazır: "İyulun 13-də (köhnə tarixlə - Red) bir neçə gənc qız və kişi toplaşdıq... Mixail Yuryeviç məni bir daha hirsləndirməyəcəyinə söz verdi, onunla vals oynadıq, sonra da əyləşib sakitcə söhbətləşdik. Acıdil Lev Puşkin də bizə qoşuldu və onlar ikilikdə zarafatlara başladılar. Mənim balaca bacım Nadejda ilə yanaşı royalın ətrafında dayanmış Martınovu görən kimi Mixail Yuryeviç acı zarafatlara keçdi, onu "böyük xəncərli dağlı” adlandırdı. Təsadüfə baxın ki, royalda ifa edən knyaz Trubetskoy son akkordu vurandan sonra yaranan sakitliklə "dağlı” kəlməsi eyni vaxta düşdü və bütün zal bunu eşitdi. Martınovun bənizi solğunlaşdı, dodaqlarını dişlədi, gözlərində qəzəb parladı və bizə yaxınlaşıb sakit səslə Lermontova dedi: "Sizdən neçə dəfə xahiş etmişəm ki, xanımların yanında zarafatlarınızı unudun”. Sonra da çevrilib sürətlə çıxıb getdi... Rəqslər davam etdi və mən fikirləşdim ki, qovğa bununla da bitdi”.

Duelin səbəbləri haqda Lermontovun şahidi (sekundant) olmuş knyaz Aleksandr Vasilçikovun da xatirələri var. O, xatırlayır:

"Bir dəfə Verzilinanın təşkil etdiyi yığıncaqda Lermontov xanımların yanında Martınov barəsində yeni bir zarafat edir. Onun nə dediyini mən eşitməmişəm, təkcə onu bilirəm ki, evdən çıxandan sonra küçədə Martınov Lermontova yaxınlaşır və sakit səslə, fransız dilində deyir: Bilirsizmi, Lermontov, mən sizin zarafatlarınıza çox tab gətirmişəm, ancaq istəmirəm ki, onları xanımların olduğu yerlərdə də təkrarlayasız”. Lermontov da eyni sakit səslə cavab verir: "Xoşunuza gəlmirsə, cavab tələb edin”. Həmin gün də, sonrakı gün də onların arasında yeni heç nə baş vermir, hər halda mən də, Stolıpinlə Qlebov da (Martınovun duel şahidləri - Red.) o mübahisəni xırda və mənasız saydığımızdan sonuncu dəqiqəyə qədər inanırdıq ki, bu, barışıqla bitəcək...”

İstintaqa verdiyi ifadəsində isə Vasilçikov poruçik Lermontovla mayor Martınov arasında əvvəllər heç bir ziddiyyətin və umu-küsünün olmadığını söyləyir.

Ancaq gözlənilənlərin ziddinə olaraq, iyulun 26-sı səhər tezdən Martınov öz şahidini Lermontovun ünvanına göndərir və iyulun 27-si axşama duel təyin edilir.

***

Onlar eyni yunker məktəbinin yetirmələri olmaqla bərabər, həm də neçə ilin tanışı idi. Lermontov Moskvada Martınovların evində dəfələrlə gecələmişdi. Dəfələrlə bir yerdə səfərə çıxmışdılar. Odur ki, hansısa xırda zarafatın bu cür faciəvi nəticələnəcəyini heç kəs proqnozlaşdıra bilməzdi.

Lermontovun ömrünün son günlərini xatırlayanlar isə demonik şeirlər müəllifi olan və melanxoliyaya meylli şairin çox tutqun olduğunu, sanki ölməyə can atdığını və öz sonunu yaxınlaşdırmaq üçün istənilən bəhanədən yapışdığını qeyd edirlər. İstintaq zamanı Martınov da baş verənlərdə Lermontovu taqsırkar çıxarmağa çalışaraq duel çağırışının məhz şair tərəfindən səsləndirildiyini söyləyəcəkdi. Ancaq onu başa düşmək olar - Martınov özünü xilas etmək üçün bu cür də etməliydi.

Vasilçikov dostu Lermontovu bu cür xarakterizə edir: "Sanki onun daxilində 2 insan vardı - biri yaxın dostları və hörmət bəslədiyi adamlar üçün mehriban, digəri isə yerdə qalanlar üçün loğva və tündxasiyyət”. Bu cür ambivalentlik Lermontovun təbiətini anlamaqda yardımçıdır, ancaq yenə də duel təşəbbüsünün məhz onun tərəfindən edildiyinə inanmaq çətindir.

İstintaq zamanı özünə bəraət qazandırmağa çalışan Martınov duelin səbəblərini bu cür göstərir: "Pyatiqorska gəldiyi gündən Lermontov mənim barəmdə xoşagəlməz ifadələr işlətmək üçün bir fürsəti belə əldən vermirdi”.

İyulun 25-i gecə baş verənlər barədə isə o, ifadəsində yazır: "Mən bu vəziyyətə son qoymaq qərarına gəldim. Verzilinlərin evindən çıxandan sonra onu qolundan çəkərək mənimlə getməsini istədim. Başqaları bizdən öndə gedirdi. Ona dedim ki, bu dözülməz zarafatlara son qoymasını ondan dəfələrlə xahiş etmişəm, indi isə xəbərdar edirəm: bir də məni öz zarafatlarının predmetinə çevirsə, onu bunlara son qoymağa məcbur edəcəm. O, sözümü bitirməyə qoymadan bildirdi ki, mənim sözlərim xoşuna gəlmir, mənim barəmdə istədiyini danışmağı ona qadağan edə bilmərəm, sonda isə dedi: "Boş hədələrdənsə, yaxşı olar ki, hərəkət edəsən. Bilirsən ki, mən dueldən heç vaxt imtina etmirəm, odur ki, məni qorxuda bilməzsən”.

Lermontovun ilk dueli isə 1840-cı ilin 18 fevralında Peterburqda, Fransanın səfiri Barantın oğlu Ernestlə, həm də "Çyornaya reçka”nın yaxınlığında (yəni, Puşkinin öldürüldüyü yerə yaxın) olmuşdu. O vaxt duel barışıqla bitsə də, Lermontov imperator tərəfindən cəzalandırılaraq ikinci dəfə Qafqaza göndərilmişdi (Qafqaza ilk dəfə Lermontov Puşkinin xatirəsinə yazdığı "Şairin ölümü” şeirinə görə sürgün olunmuşdu).

İkinci - sonuncu duel faciə ilə bitir.

***

"Həmin an sonuncu dəfə ona nəzər saldım və heç vaxt onun üzündəki sakit, az qala şən ifadəni unutmayacam. Martınov cəld addımlarla xəttə yaxınlaşdı və atəş açdı. Lermontov sanki biçilmiş ot kimi yerə düşdü, nə geriyə, nə irəliyə əyildi və adətən yaralı adamlar zədələnən yerini tutaraq yıxılırsa da, o heç bunu da etmədi.
Ona tərəf qaçdıq. Sağ böyründə yara tüstülənirdi, soldan isə qan axırdı, güllə ürəyini və ağciyərini dəlmişdi” - Vasilçikov şairin son anlarını xatirələrində bu cür qələmə alır.

Onun xatirələrindən digər mühüm və istintaqdan gizlədilən təfərrüat da bəlli olur - Lermontov rəqibinə güllə atmır, atəşi havaya edir. Ancaq Martınov bilərək ki, daha həyatı üçün təhlükə yoxdur, yenə də Lermontova atəş açır.

Vasilçikov dərhal ata minərək həkim dalınca şəhərə yollanır. Duel yeri Pyatiqorskdan 5 kilometr aralıda idi. Tanış həkimlər leysan yağışı səbəb gətirərək hadisə yerinə gəlməkdən imtina edirlər. Əslində, gəlsəydilər də faydası yoxdu - Lermontov ani olaraq keçinir.

Cənazə şəhərə gətirilir. Xəbər sürətlə Pyatiqorska yayılır. Kilsə dəfnin dini ayinlərin icrası ilə aparılmasına razı olmur - dueldə ölən şəxs intihar edənlə eyniləşdirilir. Dostlarının səylərinə baxmayaraq, şairin cənazəsini kilsəyə buraxmırlar.

Vasilçikovun sözlərinə görə, Lermontovun ölüm xəbəri Peterburqun ali dairələrinə yetişəndə, oradakıların reaksiyası lakonik olur: "Onun yolu elə bu cür bitməliydi”. İmperator I Nikolay isə söyləyir: "İt elə it kimi də gəbərməliydi”.

Lermontovu iyulun 29-da çoxsaylı adamların iştirakı ilə köhnə Pyatiqorsk məzarlığında dəfn edirlər. Onun ölümü haqda rəsmi xəbərdə deyilir: "İyulun 15-də (keçmiş tarixlə - Red.), axşam saat 5 radələrində ildırım və şimşiyin müşayiəti ilə güclü qasırğa baş verib; həmin vaxt Maşuk və Beştau dağları arasındakı yerdə Pyatiqorskda müalicə alan M.Y.Lermontov vəfat edib”.

Şairin cəsədi Pyatiqorsk torpağında 250 gün qalır. 1842-ci ilin yanvarında nənəsi Y.Arsenyeva yeganə nəvəsinin qalıqlarını doğma Tarxanıya gətirib ailə məzarlığında dəfn etməyə icazə verməsi üçün imperatora müraciət edir və müsbət cavab alır. Həmin ilin 21 aprelində Lermontovun qalıqları Tarxanıya gətrilir və 2 günlük vida mərasimindən sonra dəfn edilir.

***

Nikolay Martınovun məhkəməsi sentyabrda başa çatır. Hökmə görə, onun rütbəsi və əmlakı əlindən alınır. Bu, yerli məhkəmənin hökmüydü və baxılmaq üçün ali instansiyaya göndərilir. Və imperator cəzanı yüngülləşdirir - Martınovun hərbi rütbəsi də, əsilzadəliyi də, əmlakı da özünə qaytarılır və ona 3 ay qauptvaxt cəzası kəsilir. O, həmin müddəti Kiyev qauptvaxtında keçirir, sonra isə kilsəyə tövbə üçün göndərilir. Vəssalam - mədəniyyətə qarşı ağır cinayət imperatorun sayəsində faktik olaraq cəzasız qalır.

"Cəza”sını çəkəndən sonra Martınov hərbidən uzaqlaşır. O, dueldən sonra 34 il də yaşayır və 1875-ci ildə, 60 yaşında vəfat edir. Dəfələrlə xatirələrini yazmağa və özünə bəraət qazandırmağa cəhd edir, ancaq xatirələri yarımçıq qalır...

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->