"Sabah”ın futbolçusu Coy-Lens Mikels Misli Premyer Liqasında 100-cü oyununu keçirib. Almaniyalı hücumçunun yubileyi XXI tura təsadüf edib.
Qaynarinfo PFL-ə istinadən xəbər verir ki, o, "Kəpəz”lə ev qarşılaşmasında (1:0) meydana sonradan çıxıb. Azərbaycanda yalnız bir klubda – "Sabah”da forma geyinən 32 yaşlı forvard 100 oyunda 47 qol vurub. Onun orta məhsuldarlığı 0,47-yə bərabərdir.
Coy-Lens çempionatın tarixində ən azı 100 oyun keçirən legioner statuslu futbolçular arasında ən yüksək orta məhsuldarlığa malikdir. Ümumilikdə isə Mikels minimum 100 matça çıxanların siyahısında orta göstəricidə 7-ci nəticəyə malikdir.
Premyer Liqada 2021-ci ildə debüt edən Mikels ölkəmizdə yalnız "Sabah”ın formasını geyinib. O, 2021-23-cü illərdə şərəfini qoruduğu kluba 2024-cü ildə qayıdıb.
Coy-Lens turnirin tarixində 100 və daha çox oyun keçirən 452-ci futbolçu olub. O, eyni klubda buna nail olan 210-cu oyunçudur.
"Sabah” isə Misli Premyer Liqasında ardıcıl 10-cu qələbəsini qazanıb. Bakı klubu seriyasını yubiley həddinə XXI turda çatdırıb.
"Sabah” bunadək "İmişli”ni 3:0, "Neftçi”ni 2:0, "Turan Tovuz”u 3:1, "Qarabağ”ı 2:1, "Sumqayıt”ı 3:1, "Karvan-Yevlax”ı 4:1, "Zirə”ni 3:1, "Araz-Naxçıvan”ı 4:1, "Qəbələ”ni 1:0 hesabı ilə üstələyib.
Klub tarixində ilk dəfə belə seriyaya imza atan "Sabah” turnirin tarixində ən azı 10 qələbəni sıralayan 9-cu komandadır. Bunadək 8 klub 17 seriyaya imza atıb. Cari mövsüm qeydə alınan bu seriya isə 18-cidir.
"Neftçi” hamıdan çox – 6 dəfə ən azı 10 ardıcıl görüşdə qalib gəlib. "Qarabağ”ın 4, "Şəmkir”in 2 belə seriyası var. "Bakı”, "Kəpəz”, "Turan”, "Xəzər” (Sumqayıt) və "Xəzər Lənkəran” isə "Sabah” kimi bir dəfə ardıcıl qələbə seriyasını ikirəqəmli ədədə çatdırıb.
Qeyd edək ki, "Sabah” növbəti turda "Qarabağ”la qarşılaşacaq.
Şərhlər