Xəbər lenti

Müasir buğdanın mümkün əcdadı olan dənlər Qafqazda tapıldı
Dünya 19:16 28.04.2026

Müasir buğdanın mümkün əcdadı olan dənlər Qafqazda tapıldı

Qafqazda buğdanın ən qədim əcdadına aid ola biləcək dənlər tapılıb.

Qaynarinfo xəbər verir ki, müvafiq araşdırma "Proceedings of the National Academy of Sciences" ("PNAS") jurnalında yayımlanıb.

Alimlər Gürcüstan ərazisində müasir mədəni buğda sortlarının əcdadlarından biri hesab oluna biləcək qədim buğda dənləri aşkar ediblər.  Tapıntılar ölkənin cənubunda yerləşən iki neolit dövrü yaşayış məntəqəsində - Qadaçrili-Qora və Şulaveris-Qorada əldə olunub. 

Arxeoloqlar dənləri ən aşağı mədəni təbəqələrdə aşkar ediblər ki, bu da onların son dərəcə qədim olduğunu göstərir. Radiokarbon analizi tapıntıların təxminən 7,7–7,9 min il yaşı olduğunu müəyyən edib.

Tədqiqatçılara görə, dənlərin bir hissəsi çörək hazırlanmasında istifadə edilən erkən mədəni yumşaq buğda formalarına, digər hissəsi isə vəhşi taxıl növlərinə, o cümlədən müasir buğda sortlarının mümkün əcdadlarına aiddir. Bu fakt Cənubi Qafqazı taxıl bitkilərinin ilkin mədəniləşdirilməsi mərkəzlərindən biri kimi qiymətləndirməyə imkan verir.

Mütəxəssislər qeyd edirlər ki, müasir buğda vəhşi və erkən mədəni formaların mürəkkəb hibridləşməsi nəticəsində formalaşıb. Lakin bu prosesin dəqiq harada baş verdiyi indiyədək məlum deyildi. Yeni məlumatlar bu prosesdə Yaxın Şərqlə yanaşı, Qafqazın da mühüm rol oynadığını göstərən hipotezi gücləndirir.

Bundan əvvəl eyni ərazilərdə qədim şərabçılığa dair izlər — həmin dövrə aid keramika üzərində üzüm birləşmələrinin qalıqları da aşkar edilib. Bu isə göstərir ki, region sakinləri eramızdan əvvəl VI–V minilliklərdə həm əkinçilik, həm də bitki məhsullarının emalı ilə məşğul olublar.

Araşdırma müəllifləri bildirirlər ki, bu tapıntılar Cənubi Qafqazda erkən əkinçiliyin yüksək inkişaf səviyyəsini təsdiqləyir və buğda da daxil olmaqla bəzi əsas kənd təsərrüfatı bitkilərinin mənşə coğrafiyası barədə mövcud təsəvvürləri dəyişə bilər.

Aydın
--> -->