"Bəzi ucqar kəndlərdə hələ də rəsmi nikaha girməyən insanlar var. Toy məclisi olur, kəbin kəsilir, amma nikah bağlanılmır. Bunlar cüzi hissədir. İkinci və eyni zamanda böyük qrup insanlar isə dünyaya qeyri-qanuni uşaq gətirənlərdir".
Bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Mail Yaqub deyib. Sosioloq son illərdə uşaqların 15 faizi nikahdankənar doğulmasının böyük rəqəm olduğunu bildirib:
"Bu kimi halların olması dövlətin qarşısında ciddi problemlər yaradır. Necə? Dövlət tam olaraq bilmir ki, neçə faiz ailə rəsmi nikaha girib. Bütün hallarda qeyri-qanuni yollarla uşaq dünyaya gətirmək qanunsuzdur".
Mail Yaqub bunun dövlətə böyük problem yaratdığını qeyd edib:
"Bunlar dövlətin qarşısında maneədir. Bu kimi hallar mütləq olaraq aradan qaldırılmalıdır. Ailə quran, dünyaya uşaq gətirənlərin nikahı olmalıdır. Bunun üçün təbliğat işləri aparılmalıdır. Və ən başlıcası hüququ prosedurlar həyata keçirilməlidir".
Sosioloqun fikirincə, hüquqi maarifləndirmə işlərinin aparılması şərtdir:
"Hamının baxdığı dəyərsiz, ziyanverici şou verilişlərində bu haqda təbliğat aparılmalıdır. Hələ mən qeyri-qanuni intim münasibətdə olanları demirəm. Söhbət el adəti üzrə toy edib, ailə quranlardan gedir. Birinci addımda maarifləndirmə, ikinci dəfə isə cərimələr tətbiq olunmalıdır. Qoy insanlar çəkinsinlər, bilsinlər ki, nikahsız dünyaya uşaq gətirmək özbaşınalıqdır".
Qeyd edək ki, son illərdə uşaqların 15 faizi nikahdankənar doğulur. Bu haqda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində keçirilən "Konstitusiya və Suverenlik İli” çərçivəsində "Ailə, qadın və uşaq hüquqları - konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmədə deyib.
Bahar Rüstəmli
Şərhlər