Xəbər lenti

Nazirliyin bu kinosu da bitdi...
Günay İlqarqızı
phrase_var_qaynar. 10:33 26.11.2021

Nazirliyin bu kinosu da bitdi...

Dünən sosial şəbəkədə qarşımıza yağlı bir elan-status çıxmışdı:

"Bu gün Azərbaycan təhsil tarixində çox mühüm hadisə ilə yadda qalacaq. Bizi izləyin”.

Elan lap tolk-şou elanlarına bənzəyirdi. Anonsları gözəl gedirdi. 

 Amma...  Məsələnin əmması başqa idi. 

Bu elan ölkənin təhsili ilə, bir başa desək, Təhsil Nazirliyinin brifinqi ilə bağlı idi.  

Adam çox gözəl gedən bu elanı eşidəndə çox həyəcanlanırdı, görəsən nədi bu məsələ? Təhsilimizdə hansı inqilab baş verəcək? 
Nəhayət...

Brifinq başladı. Məlum oldu ki, bu gündən ölkədə tələbə təhsil kreditinin verilməsinə başlanılır. 

Çox gözəl, çox pakizə....

Amma bu kreditin verilməsi üçün o qədər "sadə qəliz” şərtlər qoyubmuşlar ki, adam bilmir, gülsün ya ağlasın. Şərtləri açıqlayanda bir onu demədilər ki, iş yerindən arayış gətirin. Hər şey var idi bu gülməşəkər şərtlərdə. O qədər hər şey var idi ki, dolayı yolla deyirdilər ki, nə sən kredit istə, nə də biz verək. Nə sənin başın ağrısın nə də bizim. 

Burda yadıma bir söz düşdü: "Bu kino var haaa, bu kino çox qəliz məsələdi”. 

Deyəcəksiniz nə əlaqə?

İndi tam da o məsələnin burda yeri var: "Bu tələbə təhsil krediti var haaa, bax, o çox qəliz məsələ oldu”. 

Neçə müddətdi söhbəti gedən bu məsələ krediti səbirsizliklə gözləyən insanların olan-qalan ümidini də qırdı.

Kreditin verilməməsi bir dərd, verilməsi isə ondan ağır dərd oldu. Necə deyərlər, sən saydığını say, gör fələk nə sayır.  

Nə deyim ki, bilmirəm? Bizim üzümüz hər zaman icraatdan yox, verilən vədlərdən gülüb. İş əmələ gələndə isə "əşşi, başqa necə olmalı idi” deyə özümüzə təsəlli verib bir-iki günə unudub getmişik. 

Bax belə... Bu da növbəti yağlı, duzlu, qızartma vədlərdən biri idi. Amma yanaraq üzlərini qızartdı...  

Sonrasına isə.... Lap rəhmətlik İlhamənin mahnısı yadıma düşdü: "İstəyirsən ağlayaq, görək sonra nə olur?” 

Sonda bir haşiyə çıxım: dünyada 1960-cı illərdən tələbə kreditlərinin verilməsinə başlanılıb və hazırda dünyanın 61 ölkəsində tələbə kreditləri verilir. Bəzi ölkələrdə isə faizlər yalnız 1-2 faiz texniki xərcləri örtəcək həcmdə olur. Adətən kreditin qaytarılmasına universiteti bitirdikdən 2 il sonra başlanılır, 5-7-10 ilə, bəzənsə 30 ilədək müddətdə qaytarılır. Ümumiyyətlə, tələbə kreditləri konstitutsiyanın tələblərinə ziddir. Belə ki, konstitusiyaya görə maddi vəziyyətindən asılı olmayaraq, istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->