Xəbər lenti

Sahara əsrin sonunda yaşıllaşacaq: Afrikada
Dünya 22:15 18.10.2025

Sahara əsrin sonunda yaşıllaşacaq: Afrikada "yağışlar dövrü" olacaq

Qlobal istiləşmə dünyanın bir çox bölgəsində yağıntıların artmasına səbəb olacaq. Bu dəyişikliklərin ən diqqətəlayiq təsirlərindən biri isə Şimali Afrikada - Sahara səhrasında müşahidə oluna bilər.

Qayanrinfo-nun məlumatına görə, elm adamları "Nature" jurnalında dərc olunan tədqiqatda bildiriblər ki, XXI əsrin sonuna qədər iqlim dəyişikliyi nəticəsində Afrikada yağıntıların intensivliyi əhəmiyyətli dərəcədə artacaq. Araşdırma 40 müasir CMIP6 iqlim modeli əsasında aparılıb və gələcəyin hava şəraitini proqnozlaşdırmaq üçün ən etibarlı hesab olunur.

Alimlərin hesablamalarına görə, Afrikanın əksər hissəsində, xüsusən də yay aylarında (musson və ya rütubətli mövsümdə) yağıntı miqdarı yüksələcək. Əgər istixana qazı tullantıları yüksək səviyyədə qalarsa, 2100-cü ilə qədər:

* Qərbi Afrikada yağıntıların orta artımı təxminən 7 faiz,
* Şərqi və Mərkəzi Afrikada 15–25 faiz,
* Sahara səhrasında isə 75 faizə qədər ola bilər.

Bu, səhranın bəzi bölgələrində torpağın bərpasını və bitki örtüyünün yenidən formalaşmasını mümkün edə bilər.

Bəzi ərazilərdə, məsələn, Namibiyada yağıntıların 5 faiz azalacağı proqnozlaşdırılır. Cənub-Şərqi Afrika və Madaqaskarda dəyişikliklər az olsa da, qeyri-bərabər olacaq: mərkəzi hissələr daha quraqlaşacaq, şimal və şərq bölgələr isə nisbətən rütubətli olacaq.

Alimlər bildirirlər ki, bu nəticələr çox etibarlıdır — iqlim modellərinin 70 faizindən çoxu eyni istiqamətdə nəticə göstərir. Sezonlar əsasən dəyişməsə də, bəzi yerlərdə yağışların intensivliyi yay sonuna doğru artacaq ki, bu da daşqın riskini yüksəldə bilər.

Tədqiqatçılar qeyd edirlər ki, bu dəyişikliklərin əsas səbəbi atmosferdə hava axınlarının və rütubət səviyyəsinin dəyişməsidir. İsti hava daha çox nəm saxlaya bilir və yüksəldikcə soyuyaraq artıq nəmini yağış şəklində yerə endirir. Bu, qlobal istiləşmə ilə birlikdə "yağış effekti”ni gücləndirir.

Afrikada kənd təsərrüfatının 80 faizi birbaşa yağışlardan asılıdır. Yağıntıların artması quraq bölgələrdə məhsuldarlığı bərpa edə bilər, lakin eyni zamanda torpaq eroziyasını gücləndirib tez-tez daşqınlara səbəb olacaq. Qitənin cənub-qərbində yağışların azalması isə aclıq və miqrasiya təhlükəsini artıra bilər.

Bundan başqa, Afrikada yağıntıların çoxalması Avropaya da təsir göstərəcək: alimlərin fikrincə, Saharadan əsən qum fırtınalarının intensivliyi azalacaq və bu, Aralıq dənizi regionunda havanın keyfiyyətini yaxşılaşdıra bilər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->