Son onilliklərdə buzların əriməsi Qrenlandiya adasının yer qabığına təsir göstərərək onun həm ölçüsünü, həm də mövqeyini dəyişdirib.
Qaynarinfo xəbər verir ki, alimlərin yeni müşahidələrinə görə, ada şimal-qərb istiqamətində ildə təxminən 2 santimetr sürətlə hərəkət edir.
"IFLScience” nəşrinin yazdığına görə, təxminən 20 min il əvvəl başa çatan son Buz dövrünün zirvəsindən bu yana ərimə prosesi yer səthinə olan təzyiqi azaldıb. Nəticədə, Qrenlandiyanın altındakı tektonik plitələr və dərin dağ süxurları deformasiyaya uğrayıb. Bu proses adanın müəyyən qədər "kiçilməsinə” səbəb olub, lakin dəyişiklik bütün ərazidə eyni deyil – bəzi hissələr əksinə, genişlənir.
Danimarka Texniki Universiteti və NASA-nın Reaktiv Hərəkət Laboratoriyasından tədqiqatçı Danial Lonqfors Berq bildirib:
"Ümumilikdə Qrenlandiya bir qədər kiçilir, amma gələcəkdə bu vəziyyət dəyişə bilər. Hazırda müşahidə etdiyimiz sürətlə artan ərimə prosesi adanın formasını və hərəkət istiqamətini dəyişdirə bilər".
Alim əlavə edib ki, son onilliklərdə ərimə nəticəsində azalan buz təzyiqi adanı sanki "çölə doğru itələyib” və yer səthində yüngül bir qalxma yaradıb. Eyni zamanda, bu hərəkət prosesinin qarşı istiqamətdə – yəni adanın həm qalxıb, həm də sıxılması ilə müşayiət olunduğu qeyd edilir.
Berqin sözlərinə görə, bu dəyişiklikləri dəqiq müəyyən etmək üçün tədqiqatçılar Qrenlandiyanın sahilboyu yerləşən 58 GPS stansiyasının məlumatlarını təhlil ediblər. Bu cihazlar adanın mövqeyindəki dəyişiklikləri, süxurların hündürlüyündəki fərqləri və zamanla yerin necə deformasiyaya uğradığını izləyib.
Toplanan məlumatlar alimlərə Qrenlandiyanın hərəkət istiqamətini və formasındakı dəyişiklikləri çox yüksək dəqiqliklə ölçməyə imkan verib.
Aydın
Şərhlər