Bazarda geniş yayılmış saxta qəhvəni orijinaldan ayırd etmək getdikcə çətinləşir. Fırıldaqçıların istifadə etdiyi əsas üsullardan biri qəhvənin paxlalılarla əvəz edilməsidir.
Qaynarinfo xəbər verir ki, bu barədə "WP Finance" yazır.
Qeyd olunur ki, internetdə tez-tez tanınmış brendlərin qablaşdırmasına demək olar ki, tam bənzəyən saxta məhsullar satılır. Belə "qəhvə”ni daha ucuz başa gətirmək üçün həqiqi məhsul soya ilə əvəz edilir. Soya müxtəlif formalarda – un, ekstrakt və ya qovrulmuş dənə şəklində istifadə oluna bilər, bu isə fərqi peşəkar yoxlama olmadan aşkar etməyi demək olar ki, mümkünsüz edir.
Materialda vurğulanır ki, qovrulmuş soya dənələri tünd rəngə və acı qoxuya malikdir, ondan alınan içki isə qəhvəni xatırladan kifayət qədər zəngin dad verir. Bu üsulla 1 kiloqram həqiqi qəhvəyə soya əlavə etməklə satış üçün daha çox "qəhvə” qarışığı əldə etmək mümkündür və bu məhsul görünüş və qoxu baxımından orijinala çox yaxın olur.
"Lavazza" qrupundan Cüzeppe Lavazza Avropa bazarında öz brendinin saxta qablaşdırmalarının ortaya çıxdığını təsdiqləyib. O bildirib ki, mürəkkəb qiymət şəraitinə baxmayaraq, şirkət məhsulun ucuzlaşdırılması üçün reseptlərində dəyişiklik etməyi planlaşdırmır.
"Biz heç vaxt qarışıqları dəyişmirik, qəhvənin tərkibinə hörmətlə yanaşırıq. İstehlakçıya hörmət edirik və onu aldatmaq istəmirik”, deyə Lavazza vurğulayıb.
Saxta qəhvəni necə ayırd etmək olar?
Məqalədə qeyd olunur ki, həqiqi qəhvə dənələri spesifik ətirə malikdir, soya isə daha çox torpaq qoxusunu xatırladır. "Przyjacele Kawy" mağazalar şəbəkəsindən Sandra Qlobene bildirir ki, üyüdülmüş məhsulun qeyri-adi açıq rəngi saxtakarlığa və ya qarışıqlara işarə edə bilər. Konsistensiya da mühüm göstəricidir: üyüdülmüş soya suyu tez sorur, keyfiyyətli qəhvə isə daha yavaş çökür.
Aydın
Şərhlər