Bu ilin yanvar–fevral aylarında mənzil bazarı əsasən stabilləşmə mərhələsindədir. Hazırkı mərhələdə kəskin qiymət artımından danışmaq hələ tezdir".
Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc taksi bazarı üzrə apardığı müqayisəli təhlil zamanı bildirib.
AQC sədri həmçinin deyib ki, fevral ayının yekun nəticələrinin bazarda müəyyən artım faizlərinin formalaşdığını göstərəcəyi gözlənilir:
"İl ərzində açıqlanan proqnozlara əsasən, köhnə tikililərdə qiymətlərin təxminən 6-6,5 faiz, yeni tikililərdə isə 10-11 faiz aralığında artacağı ehtimal olunur. Bu proqnozlar onu deməyə əsas verir ki, ilin ilkin aylarında aylıq orta hesabla 0,5-1 faiz civarında mərhələli artımlar müşahidə oluna bilər.
Rayonlar üzrə baxdıqda, qiymət artımına daha meyilli ərazilər əsasən Səbail, Yasamal, Nərimanov və Nəsimi rayonlarıdır. Bu siyahıya Xətai rayonunu da əlavə etmək olar. Sözügedən rayonlarda qiymət artımının daha yüksək olması infrastrukturun inkişaf səviyyəsi, əhalinin sıxlığı və mərkəzə yaxınlıq amili ilə birbaşa bağlıdır. Mənzil alıcılarının böyük hissəsi məhz mərkəz və mərkəzə yaxın ərazilərə üstünlük verdiyindən, bu tendensiya həmin rayonlarda qiymətlərin digər ərazilərlə müqayisədə daha sürətli artmasına şərait yaradır".
Vüqar Oruc vurğulayıb ki, daha az qiymət artımı və ya stabillik müşahidə olunan ərazilər isə əsasən Xəzər, Qaradağ və Pirallahı rayonlarıdır:
"Bu rayonlarda tələbat nisbətən zəif olduğuna görə qiymət artımı ya minimal faizlərlə özünü göstərir, ya da ümumiyyətlə bazarda sabitlik hiss olunur.
Ümumilikdə bazarı illər üzrə xarakterizə etsək, 2023 və 2024-cü illər mənzil bazarında aqressiv qiymət artımlarının müşahidə olunduğu dövr kimi yadda qaldı. 2025-ci ildə bu tendensiya xeyli zəiflədi. 2026-cı il isə daha çox stabilləşmə və artım tempinin aşağı düşdüyü il kimi qiymətləndirilə bilər. 2027-ci ildə isə selektiv artım gözlənilir. Yəni yeni yaşayış komplekslərinin inşa ediləcəyi, infrastruktur layihələrinin həyata keçiriləcəyi ərazilərdə qiymət artımı proqnozlaşdırıla bilər, digər zonalarda isə kəskin dəyişikliklər ehtimal olunmur".
Şərhlər