"Düşünmürdüm ki, kartof idxalı ilə məşğul olan inhisarçılar fürsətdən istifadə edib məhsulun qiymətini 50 faiz artıracaqlar".
Bunu Qaynarinfo-ya açıqlamasında ekspert Vahid Məhərrəmli kartofun qiymətinin kəskin artmasının səbəblərini şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, kartofun bir kiloqramı ölkəyə təxminən 40–44 qəpiyə başa gəlir:
"Bu, çox ciddi məsələdir. Onsuz da onlar gəlir əldə edirdilər. Əgər kartof bu qiymətə idxal edilirsə, onu üç dəfə baha satmağa nə ehtiyac var? Onsuz da kartof alış qiymətindən iki dəfə artıq qiymətə satılırdı. İndi isə yaranmış vəziyyətdən istifadə edirlər. Kartof geniş istehlak olunan məhsuldur və əhali üçün əlçatan olduğuna görə ondan daha çox istifadə edilir".
Ekspert bildirib ki, bazarda mövcud vəziyyətdən istifadə edənlər əsasən inhisarçı idxalçılardır:
"Kartof elə məhsuldur ki, onu 10–15 günə istehsal edib bazara çıxarmaq mümkün deyil. Bir qədər sonra təzə kartof bazara çıxacaq, lakin onun qiyməti də yüksək olacaq. Təklif nisbətən artsa da, bu, qiymətlərə ciddi təsir göstərməyəcək. Kartof idxalı birmənalı olaraq inhisardadır".
Vahid Məhərrəmli yaxın günlərdə digər tərəvəz məhsullarının da bahalaşa biləcəyini qeyd edib:
"Azərbaycan həm də İrandan yerkökü, kələm, badımcan, bibər və digər məhsullar idxal edir. Təəssüf ki, onların da qiymətində artım baş verə bilər”.
Bahar Rüstəmli
Şərhlər