Xəbər lenti

İdman 12:21 08.01.2025

"Juninyonun cibindən bir milyon ödəyəcəyi yalan xəbər idi" - "Qarabağ" rəsmisi

Xəbər verdiyimiz kimi, "Qarabağ”ın forvardı Olavio Juninyonu Braziliyanın "Flamenqo” və İspaniyanın "Sevilya” klubu transfer etmək istəyir.

Ötən günə qədər "sambaçı”nın Avropada karyerasını davam etdirmək istədiyi və "Sevilya” ilə anlaşdığı deyilirdi. 

 "Flamenqo”nun məsələyə ciddi yanaşması isə vəziyyəti dəyişib. Braziliya və İspaniya mətbuatının yazdığına görə, cənubi amerikalılar forvard üçün daha yaxşı təklif göndərib. 

Məsələyə isə "Qarabağ”ın İdarə Heyətinin üzvü Asif Əsgərov aydınlıq gətirib. O, "Qafqazinfo"ya açıqlamasında bu keçidlə bağlı son vəziyyəti açıqlayıb: 

"Əslində, vəziyyət fərqlidir. Mediada yazılanların hamısı doğru deyil. Məsələn, bir neçə gün öncə İspaniya mətbuatı yazmışdı ki, Juninyo "Sevilya”ya getmək üçün cibindən "Qarabağ”a 1 milyon avro ödəyəcək. Amma bu danışıqların heç bir mərhələsində müzakirə mövzusu belə olmayıb. Bizə təklif göndərən klublara gəlincə, onlar əvvəl də var idi, indi də var. Sadəcə belədir ki, danışıqlar uzandıqca hansısa klubun mövqeyi güclənir, digəri zəifləyir. Amma bu o demək deyil ki, bir klubun təklifi digərindən zəifdir. İndi vəziyyət elədir ki, hər an hər şey dəyişə bilər. Yekunlaşmaq o deməkdir ki, məsələdə üçtərəfli müqavilə imzalansın. Hazırki durumda isə konkret nəsə yoxdur. Danışıqların növbəti mərhələsindəyik. Yaxın günlərdə hadisələrin inkişafı barədə daha dəqiq nəsə olacaq”. 

Qeyd edək ki, İspaniya mətbuatının yazdığına görə, "Sevilya” "Qarabağ”a Juninyo üçün təxminən 4 milyon avro, futbolçunun özünə isə illik 700 min avro maaş təklif edib. "Flamenqo” isə "Qarabağ”a təxmini olaraq 5 milyon avro, futbolçuya isə illik 2 milyon avrodan çox maaş verəcək. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->