Xəbər lenti

ABŞ-İsrail-İran müharibəsinin ilk 6 günü: Xərc 11,3 milyard dolları keçdi
Dünya 15:00 12.03.2026

ABŞ-İsrail-İran müharibəsinin ilk 6 günü: Xərc 11,3 milyard dolları keçdi

ABŞ–İsrail–İran müharibəsinin ilk altı gününün xərci 11,3 milyard dolları ötüb.

Qaynarinfo xəbər verir ki, "The New York Times" və "NBC News" tərəfindən anonim mənbələrə istinadən yayılan məlumatlara görə, Pentaqon rəsmiləri müharibənin ilk altı gününün xərclərinin 11,3 milyard dollardan çox olduğunu hesablayıb.
 
Bildirilir ki, hərbi rəsmilər bu qiymətləndirməni çərşənbə axşamı keçirilən qapalı iclasda ABŞ Konqresinin üzvlərinə təqdim ediblər.

Eyni zamanda qeyd olunur ki, bu hesablamaya ilk hücumlardan əvvəl hərbi texnikanın və şəxsi heyətin yerləşdirilməsi kimi bəzi əlavə xərclər daxil edilməyib. Buna görə də müharibənin real maliyyə yükünün əhəmiyyətli dərəcədə daha yüksək ola biləcəyi ehtimal edilir.

ABŞ və İsrailin Irana qarşı fevralın 28-dən həyata keçirdiyi hərbi əməliyyatlar artıq 12-ci gününə daxil olub. Bu müddətdə Tehran rəhbərliyi cavab olaraq İsrail, eləcə də Yaxın Şərq və Körfəz ölkələrindəki hədəflərə qarşı qarşılıqlı zərbələr endirir.

Davam edən toqquşmalar region üzrə dəniz daşımaları marşrutlarına, enerji bazarlarına və mülki infrastruktura da ciddi təsir göstərir. Bu isə daha genişmiqyaslı regional böhran riskini artırır.
 
Günay

--> -->