Alman avtomobil nəhəngi BMW-nin bu gün geniş müzakirələrə səbəb olan iri böyrək formalı radiator barmaqlıqları düşündüyümüzdən xeyli qədim tarixə malikdir.
Qaynarinfo xəbər verir ki, Brend 1998-ci ildə "Rolls-Royce"u tərkibinə qatmazdan əvvəl öz ultra lüks seqmentini yaratmaq niyyəti ilə 1990-cı illərin ortalarında ZBF (Zukünftige BMW Familie – Gələcəyin BMW ailəsi) layihəsi çərçivəsində avtomobil dünyasının sərhədlərini genişləndirib.
Dizayn tarixçisi Stiv Sakstinin "BMW Art by Design” kitabında üzə çıxan bu hekayə markanın müasir dizayn dilinin əsaslarının əslində onilliklər əvvəl formalaşdığını sübut edir.
Məşhur dizayner Coji Nagaşima tərəfindən yaradılan ZBF konsepti təkcə yeni model hazırlamaq cəhdi deyildi. Bu layihə BMW-nin bütün məhsul xəttinin gələcəkdə necə görünəcəyinə dair vizioner yanaşma kimi formalaşmışdı. Ənənəvi dizayn qəliblərindən uzaqlaşan "Nagaşima" sərnişin salonunu genişləndirmək üçün qısa kapotdan istifadə edib, ön hissədə isə olduqca möhtəşəm radiator barmaqlığına yer verib. Salon dizaynı isə öz dövrü üçün o qədər qabaqcıl idi ki, avtomobil təkcə 7 seriyasının varisi deyil, xəyali bir "9 seriyası” kimi qiymətləndirilməyə başlanıb.
Bu cəsarətli dizayn ilkin mərhələdə sadəcə vizual konsept kimi təqdim olunsa da, layihənin iddialı mahiyyəti tezliklə reallığa çevrilib. 1996-cı ildə BMW ZBF modelinin tam işlək prototipini inşa edib. Həmin dövrdə şirkətin tədqiqat və inkişaf departamentinə rəhbərlik edən Volfqanq Raytsle ortaya çıxan nəticədən o qədər təsirlənmişdi ki, bu futuristik avtomobillə şəxsən qolf klubuna getmək istədiyini bildirmişdi. Avtomobilin real yollarda görünməsi BMW daxilində lüks anlayışının nə qədər köklü şəkildə dəyişdiyini açıq şəkildə nümayiş etdirib.
1996-cı ildə tamamilə əl işçiliyi ilə istehsal edilən bu avtomobil klassik istehsal üsullarını gələcəyin futuristik xətləri ilə birləşdirib. Kuzov panelləri ənənəvi karoser ustalığının nümunəsi kimi alüminiumun əl ilə formalaşdırılması yolu ilə hazırlanmışdı.
Təkərlər belə dövrün standartlarını xeyli qabaqlayırdı. "Nagaşima" bildirib ki, həmin illərdə bazarda mövcud olan ən böyük təkər ölçüsü 19 düym idi, lakin konseptin əzəməti üçün daha böyüyünə ehtiyac var. Bu problemi həll etmək üçün "Dunlop" tərəfindən xüsusi olaraq istehsal edilmiş təkərlərdən istifadə olub, üzərindəki protektor naxışları isə Nagaşima tərəfindən əl ilə oyularaq dizayn edilib.
ZBF 7er yalnız xarici görünüşü ilə deyil, salon daxilindəki avadanlıqları ilə də zamanını qabaqlayırdı. Bu gün demək olar ki, hər bir BMW modelində istifadə olunan "iDrive" idarəetmə düyməsinin ilk nümunələrindən biri məhz bu avtomobildə yer almışdı. Arxa oturacaq sərnişinləri üçün inteqrasiya olunmuş noutbuklar və yan güzgülərin yerini alan kameralar 1996-cı il üçün təsəvvür edilməsi çətin olan yeniliklər idi. Kameralı güzgü sistemi avtomobil sənayesində yalnız son illərdə kütləvi istehsala keçə bilib.
ZBF konseptinin ən diqqətçəkən cəhəti bu gün yeni nəsil M3, M4 və elektrikli iX modellərində də gördüyümüz şaquli və iri böyrək formalı radiator barmaqlıqları idi. V12 nişanı ilə bəzədilmiş bu dizayn BMW hələ "Rolls-Royce"u satın almamışdan əvvəl belə markaya klassik və ağırbaşlı lüks ab-hava qazandırmışdı.
Fənər dizaynında istifadə olunan iri dairəvi formalar nostalji təsir bağışlasa da, şaquli radiator barmaqlığı seçimi BMW-nin dizaynda inqilab etmək istəyinin 25 il əvvələ gedib çıxdığını göstərir. Bu gün "radikal” adlandırılan tendensiyaların əslində markanın arxivlərində uzun illərdir mövcud olduğunu anlamaq avtomobil tarixinin nə qədər dövri xarakter daşıdığını bir daha xatırladır.
Aydın
Şərhlər