Xəbər lenti

Hava limanından şəhərə taksi sifarişi qadağan edilir? (AÇIQLAMA)
Ekonomiks 15:14 09.09.2025

Hava limanından şəhərə taksi sifarişi qadağan edilir? (AÇIQLAMA)

"Düşünürəm ki, leqal çalışan və bugünkü tələblərə cavab verən bütün taksilərin hava limanına giriş-çıxışına icazə verilməlidir".

Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov sosial şəbəkələrdə hava limanından şəhər istiqamətində taksi sifarişlərinə məhdudiyyətlərin qoyulacağına dair məlumatlara aydınlıq gətirərkən deyib. 

Onun sözlərinə görə, burada əsas tələblərdən biri sərnişinin post-terminalla ödəniş etmək imkanlarıdır:
 


"Daha sonra əlilliyi olan şəxslərin həmin taksidən istifadə etmək imkanları və taksidə xüsisi videoqeydiyyatçının quraşdırılmasıdır. Ən azından bu tələblərə cavab versə, düşünürəm ki, həmin taksilər hava limanına buraxıla bilər. Yox, əgər bu xüsusi layihədirsə, onda mövcud olan London taksilərinin sayının artırılmasına ehtiyac olacaq".

İqtisadçı ekspert Akif Nəsirli isə hesab edir ki, bu məsələdə əslində ortada iki fərqli yanaşma mövcuddur:

"Belə vəziyyətlər adətən maraqlar toqquşmasından qaynaqlanır. Hava limanında rəsmi lisenziyalı taksilərin (məsələn, "London taksi”ləri) fəaliyyəti uzun müddətdir mövcuddur və onların daha yüksək qiymətləri var. Tətbiqlə çağırılan taksilər isə sərnişinlər üçün ucuzdur. Bu isə hava limanının "rəsmi tərəfdaş” taksilərinin gəlirinə təsir edir. Ona görə də sosial şəbəkələrdə yayılan iddialar müəyyən  dərəcədə real maraq zəminində formalaşa bilər. Ya qeyri-rəsmi məhdudiyyətlər tətbiq olunub, ya da sürücülər öz aralarında anlaşılmazlıq və təzyiq hiss edirlər".
 


Akif Nəsirli əlavə edib ki, hazırda ortada rəsmi təsdiq olunmuş qadağa olmasa da, belə vəziyyət tam da aydın deyil:

"Əgər yaxın günlərdə "Bolt” və "Uber” rəsmi açıqlama versə, məsələnin real səbəbləri ortaya çıxacaq".

Xatırladaq ki, sosial şəbəkələrdə yayılan məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanından şəhər istiqamətində taksi sifarişlərinə məhdudiyyətlər tətbiq olunacaq.  Xəbərdarlığın "Uber”, "Bolt” və tətbiqlə sifariş qəbul edən digər sürücülərə göndərildiyi bildirilir. 

Məsələ ilə bağlı Heydər Əliyev Beynəlxalq Hava Limanından isə bildirilib ki, hazırda aeroportda sərnişinlərin rahatlığını və xidmət səviyyəsini daha da yüksəltmək məqsədilə taksi xidmətlərinin təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Taksilərin hava limanı ərazisinə  giriş və çıxışına hər hansı məhdudiyyət tətbiq olunmur: "Görüləcək işlərlə bağlı yeniliklər baş verdikcə ictimaiyyət rəsmi şəkildə məlumatlandırılacaq”. 

Bahar Rüstəmli


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->