"Gürcüstan Bakı və İrəvan arasında vasitəçilik etsə, regional maraqlara daha çox cavab verə bilər. Bu formatı normal hesab edirəm, lakin nə dərəcədə real olacağını demək çətindir. Bu format prosesə əlavə müdaxilə imkanlarını azaldır, üç Qafqaz ölkəsi arasındakı daxili öhdəlikləri isə artıra bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında bunu siyasi şərhçi Arif Əliyev Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında Gürcüstanın vasitəçilik missiyasına toxunarkən deyib.
Arif Əliyev bildirib ki, Gürcüstanın vasitəçilik prosesində iştirakı məhdud olsa da, əvvəllər də belə pratika olub.
"İlk dəfə deyil ki, Tiflis bu istiqamətdə öz təklifini irəli sürür. Azərbaycan da buna müsbət münasibət göstərir. Tiflisin vasitəçiliyi problemin həllinə kənar qüvvələrin təsir və müdaxilə imkanlarının mümkün qədər məhdudlaşdırılmasına səbəb ola bilər. Aydındır ki, Gürcüstanın prosesdə iştirakı heç bir əlavə təzyiq demək deyildir. Çünki Tiflis prosesə təzyiq göstərmək imkanlarına malik deyil”, deyə ekspert bildirib.
Analitik vurğulayıb ki, digər vasitəçilərdən fərqli olaraq, Gürcüstan özü Azərbaycanla Ermənistan arasında sülh prosesində birbaşa maraqlı olan tərəfdir:
"Tiflisin vasitəçiliyi daha məqbuldur. Amma bunun üçün təkcə Azərbaycan və Ermənistanın istəyi lazım deyil, həm də onların iradəsi lazımdır. Prosesə müdaxilə etmək istəyən tərəflər çoxdur və qəribə də olsa, onların sayı getdikcə artır, təkcə Vaşinqton, Brüssel və Moskva formatları ilə məhdudlaşmır”.
Ekspert bildirib ki, Tiflisin vasitəçiliyi bölgənin xeyrinə ola bilər:
"Hətta digər layihələrin perspektivi baxımından da bu vasitəçiliyin xeyri ola bilər. Söhbət alternativ enerji layihələrindən gedir. Bu baxımdan, Tiflisin vasitəçilik təşəbbüsü ilə çıxış etməklə konkret hədəflər sərgiləyir”.
Arif Əliyevin fikrincə, super güclərin prosesə birbaşa təsir etmək kanalları varsa, onların vasitəçi qismində əlavə olaraq Gürcüstanı qoşmağa ehtiyacları da olmayacaq. Ekspert hesab edir ki, Tiflis İrəvana və Bakıya hansısa qərarı qəbul etdirmək imkanında deyil:
"İnvestisiya layihələrində Gürcüstan Bakıdan asıldır. Hesab etmirəm ki, Gürcüstan Vaşinqton vasitəsilə nəsə etmək istəyir. Düşünürəm ki, bu regional maraqlara daha yaxın formatdır”.
Qeyd edək ki, son zamanlar Gürcüstanın Azərbaycanla Ermənsitan arasında sülh müqaviləsinin bağlanmasında vasitəçi qismində iştirakı məsələsi yenidən gündəmə gəlib. Bundan əvvəl məhz Tiflisin vasitəçiliyilə də bir neçə dəfə belə görüşlər baş tutub. Belə təklif Azərbaycandan da gəlib. Vaşinqton da müəyyən mənada bu variantı dəstəkləyir.
Rüfət Sultan
Şərhlər