Gürcüstanın baş naziri İrakli Kobaxidze Berlində Gürcüstanın Müstəqillik Günü münasibətilə keçirilən ziyafətdə bildirib ki, ölkənin ərazi bütövlüyünün bərpası məsələsində Tbilisi "strateji səbir siyasəti”nə sadiqdir.
Qaynaerinfo xəbər verir ki, onun bəyanatını hökumətin mətbuat xidməti "Facebook”da
yayıb.
Kobaxidzenin sözlərinə görə, bu strategiya nəticəsində Gürcüstan "vahid və bütöv bir dövlətə” çevriləcək.
Nümunə olaraq o, onilliklər boyu "birləşməni, reinteqrasiyanı səbirlə gözləyən və nəhayət, 1989-cu ildə almanların bu arzusu gerçəkləşən” Almaniyanı göstərib.
"Biz həmçinin strateji səbir siyasətinə sadiqik və əminik ki, siyasətimiz son nəticədə Gürcüstanın arzusunu, gürcülərin arzusunu həyata keçirəcək və Gürcüstan vahid və bütöv dövlətə çevriləcək”, - Kobaxidze qeyd edib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Gürcüstanın müxalif telekanalının iki ölkə arasında diplomatik münasibətlərin bərpası istiqamətində görülən işlər barədə xəbəri saxtadır.
İyunun 11-də Gürcüstanla Rusiya arasında diplomatik münasibətlərin qurulması ilə bağlı məlumatı Gürcüstanın müxalif "Mtavari” telekanalı yayıb.
Gürcüstan Rusiya-Gürcüstan müharibəsi başa çatdıqdan sonra 2008-ci il sentyabrın 3-də Rusiya ilə diplomatik əlaqələri kəsib. İndi bütün konsulluq və digər diplomatik xidmətlər xüsusi bölmələrin olduğu İsveçrə səfirliklərində həyata keçirilir.
Hakim "Gürcü Arzusu” partiyası dəfələrlə vurğulayıb ki, Gürcüstan əraziləri tam işğaldan azad olunana qədər Abxaziya və Sxinvali regionunu işğal edən ölkə ilə diplomatik münasibətlərin bərpasından söhbət gedə bilməz.
Alpər
Şərhlər