Xəbər lenti

“Gürcüstanda narazıların sayı artacaq” – Ekspert
Dünya 19:00 23.01.2025

“Gürcüstanda narazıların sayı artacaq” – Ekspert

"Rəsmi Tiflis bu kimi açıqlamalarla Trampın 90 gün müddətində digər ölkələrə bütün yardım proqramlarını dayandırmasından bəhanə kimi istifadə edərək, ölkədəki gərginliyi səngitməyə çalışır”. 
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Elçin Şıxlı deyib:

"ABŞ Prezidenti Trampın daha heç bir xarici ölkəyə pul verməyəcəyini bəyan etməsilə Gürcüstan rəsmiləri də keçən il qəbul etdikləri "Xarici təsirin şəffaflığı haqqında” qanunun artıq mənasını itirdiyi qənaətinə gəliblər. Digər  versiyaya görə, xarici agent məsələsinə gələndə bu müstəvidə tək Amerika aid deyil, burada Avropa Birliyi ölkələri də yer alır. Aydındır ki,  Gürcüstan hakmiyyəti Trampın 90 gün müddətində digər ölkələrə bütün yardım proqramlarının dayandırılması haqqında qərarından ruhlanaraq xarici agent haqqında məsələdə belə bir fikrə gəliblər.  Digər tərəfdən, rəsmi Tiflis ola bilsin ki, Trampın həmin bəyanatından bəhanə kimi istifadə edərək, ölkədəki gərginliyi səngitmək üçün sözügedən açıqlamanı gündəmə gətiriblər”.  
 


Həmsöhbətimiz qeyd edir ki, Şengen zonasına vizasız gediş-gəlişin ləğvi bütün hallarda Gürcüstanda narazı kütlənin sayının artmasına gətirib çıxaracaq: 
"Gürcüstanda əsas məsələ ölkə vətəndaşlarının vizasız Şengen ölkələrinə getmək imkanının bağlanmasıdır. Bu baş  verərsə, insanlar etirazlarını davam  etdirəcək. Məsələ ondadır ki, çoxsaylı  Gürcüstan əhalisi vizasız Şengen ölkələrinə səfərlər edərək, bu vasitə ilə dolanırdı. Amma siyasi partiyalar,  ictimai fəallara isə xarici agentlər haqqında qanun təsir edir. Vizasız gediş- gəliş isə bütün gürcü əhalisinə şamil  olunur. Onun ləğvi bütün Gürcüstan  vətəndaşlarının narazılığına səbəb olacaq. Nəticədə etirazçıların sayı da bu  minvalla artacaq”. 

Qeyd edək ki,  Gürcüstanın hakim "Gürcü Arzusu” partiyasının parlament çoxluğunun lideri Mamuka Mdinaradze brifinqdə Tramp administrasiyasının qərarından sonra Gürcüstanda "Xarici təsirin şəffaflığı haqqında” qanunun öz aktuallığını itirə biləcəyinə işarə vurub. Onun sözlərinə görə, artıq bu qanuna  Gürcüstanda ehtiyac olmaya bilər.   "Xarici təsirin şəffaflığı haqqında” qanun  mütləq idi. Trampın ilk qərarlarından biri  bunu təsdiqlədi”, - M.Mdinaradze qeyd edib. 
Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın imzaladığı ilk fərmanlardan biri digər ölkələrə bütün yardım proqramlarının 90 gün müddətinə dayandırılması haqqında olub. Gürcüstanda etirazlara səbəb olan,  "Xarici təsirin şəffaflığı haqqında” qanun 2024-cü ilin avqustun 1-də qüvvəyə minib. Qanunla maliyyələşmənin 20  faizini xaricdən alan qeyri-hökumət təşkilatlarının qeydiyyatı tələb olunur. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->