Çərşənbə günü axşam, üç günlük gərgin debatlardan sonra Avropa Şurası Parlament Assambleyası (AŞPA) Gürcüstan hakimiyyətinin seçki saxtakarlığı, etirazların yatırılması və seçici manipulyasiyası kimi addımları səbəbindən Gürcüstan nümayəndə heyətini cəzalandırıb.
Qaynarinfo xəbər verir ki, qərar kompromis xarakteri daşısa da, Gürcüstanın hökumətyönlü deputatlarına AŞPA-da fəaliyyət göstərmək hüququ yalnız sanksiyalar altında və ciddi məhdudiyyətlərlə
verilib.
Gürcüstan parlament nümayəndə heyətinin rəhbəri Teya Tsulukiani AŞPA-dan çıxdıqlarını elan edib. Bununla belə, ölkə Avropa Şurası ilə əməkdaşlığı davam etdirməyi planlaşdırır.
Gürcüstana hansı cəza tətbiq edilib?
AŞPA ticarət və ya maliyyə xidmətlərinə təsir göstərmək səlahiyyətinə malik deyil, buna görə yalnız siyasi təzyiq vasitələrindən istifadə edə bilər.
Gürcüstana qarşı sanksiyaların məqsədi məhz hüquqların məhdudlaşdırılmasını və ya hətta alçaldılmanı hiss etdirmək idi.
Tətbiq edilən tədbirlər bunu tam şəkildə təmin edir. Gürcü deputatlara yalnız sessiyalarda çıxış etmək, səsvermədə iştirak etmək (Gürcüstanla bağlı qərarlardan başqa) və həmkarları ilə ünsiyyət qurmaq icazəsi verilib.
Bu cür məhdudiyyətlər Gürcüstan üçün həqiqətən də alçaldıcıdır.
Son illərdə belə sanksiyalar yalnız 2014-2015-ci illərdə rusiyalı deputatlara tətbiq edilmişdi və o zaman Rusiya nümayəndə heyəti etiraz əlaməti olaraq AŞPA-dan çıxmışdı.
Qərarın əsas məqamları
Qərarın mühüm hissələrindən biri Gürcüstanda siyasi məhbusların mövcudluğunun tanınmasıdır.
Gürcüstana 2025-ci ilin aprel sessiyasına qədər bütün siyasi məhbusları azad etmək tələbi qoyulub.
Bununla yanaşı, AŞPA Gürcüstan üçün əsas yolu müəyyən edib:
"Hakimiyyətlə vətəndaş cəmiyyəti arasında etimadın tamamilə itirildiyi bu siyasi çıxılmaz vəziyyətdən yeganə çıxış yolu beynəlxalq müşahidə altında keçiriləcək yeni və həqiqətən demokratik parlament seçkiləridir".
Bu, Gürcüstan üçün alternativsiz bir şərt kimi müəyyən edilib.
Bundan əlavə, yeni seçkilərin təşkili prosesi artıq aprelə qədər başlamalıdır. Yəni AŞPA bu müddət ərzində Gürcüstanda seçkiöncəsi hazırlıq prosesinin formal olaraq başlamasını gözləyir. Bu, apreldə keçiriləcək sessiyada Gürcüstanın gələcək taleyi ilə bağlı qərarın qəbulunda əsas göstəricilərdən biri olacaq.
Gürcüstan bu tələbləri yerinə yetirəcəkmi?
Aydın məsələdir ki, Gürcüstan hakimiyyəti bu tələbləri yerinə yetirməyə hazırlaşmır.
Bununla belə, bu qərarın mənfi nəticələri də var.
Məsələ ondadır ki, Gürcüstan deputatlarının məhdudlaşdırılmış şəkildə də olsa AŞPA-da fəaliyyətinə icazə verilməsi yeni Gürcüstan parlamentinin legitimliyinin tanınması anlamına gəlir.
Halbuki yeni parlamentdə vətəndaşların səs verdiyi heç bir müxalifət partiyası yoxdur. Bundan başqa, hakim partiya AŞPA nümayəndə heyətində müxalifətə ayrılan yerlərdən birini də ələ keçirib.
Beləliklə, AŞPA-nın qərarı Gürcüstan parlamentinə beynəlxalq blokadanı yarmağa və onun legitimliyinə dair şübhələri əhəmiyyətli dərəcədə azaltmağa imkan verib.
Gürcüstan artıq AŞPA-dan çıxdığını elan etsə də, Avropa Şurası ilə əməkdaşlığı davam etdirmək niyyətindədir.
Qeyd edək ki, bu fikirlər "Avropa həqiqəti”nin analitiki Sergey Sidorenkonun "Siyasi məhbusların azad edilməsi və Gürcüstanda yeni seçkilər: AŞPA qərarının müsbət və mənfi tərəfləri" adlı analitik məqaləsində yer alır.
Alpər
Şərhlər