Xəbər lenti

Futboldan bir illik uzaqlaşdırılan məşqçi:
İdman 14:09 28.03.2024

Futboldan bir illik uzaqlaşdırılan məşqçi: "Etiraf edirəm ki…"

AFFA-nın İntizam Komitəsinin iclasında çıxarılan qərarlar arasında diqqət çəkən Gəncə təmsilçisi "Azəri" komandasının baş məşqçisi Elşən Əliyevin cəzası oldu.
 
"Azəri"nin U-13 və U-11 komandasını çalışdıran mütəxəssis haqqında futboldan bir il müddətinə uzaqlaşdırılma qərarı çıxarıldı. Buna səbəb kimi martın 17-də baş tutan "Turan Tovuz"la oyunun 15-ci dəqiqəsində baş hakimi təhqir etməsi, şərəf və ləyaqətini alçaltması və onu vurmağa cəhd etməsi göstərilib. Nəticədə oyun yarımçıq dayandırılıb, onun komandasına isə 0:3 hesablı texniki məğlubiyyət verilib. Üstəlik özü də futboldan bir il müddətinə diskvalifikasiya edilib. Əslində, "Turan Tovuz"la matçda baş verənlər Əliyevlə bağlı ilk deyildi. Sözügedən məşqçi eyni tarixdə "Azəri"nin U-11 komandası ilə digər Gəncə təmsilçisinin oyununda da qalmaqala səbəb olub. O, qarşılaşmanın 24-cü dəqiqəsində hakimin qərarına etiraza görə ikinci sarı vərəqə ilə cəzalandırılsa da, meydançanı tərk etməyib. Nəticədə oyun yarımçıq dayandırılıb və "Azəri"nin 11 yaşlı futbolçulardan ibarət komandasına da 0:3 hesablı texniki məğlubiyyət verilib.

Bəs Əliyev niyə bu qədər problemə yol açıb? Mütəxəssis bunun səbəblərini Qaynarinfo-ya belə izah edib:

"2007-ci ildən məşqçiliyə başlamışam. İşlədiyim müddətdə Azərbaycan futboluna 50-dən çox uşaq yetişdirib vermişik. Məni çox adam tanıyır. Sadəcə həmin oyunda hakimə əsa atmışam. Hamı bilir ki, ayağım əməliyyat olunub, səkkiz yerdən tikiş vurulub. Düzdür, heç kim mənə o ixtiyarı vermir ki, meydançaya girib hakimə qarşı belə hərəkət edəm. Azərbaycanın bir çox klublarında tələbələrim çıxış edir. "Kəpəz"ə 25-dən çox futbolçu yetişdirib vermişəm. Hazırda "Qalatasaray”ın akademiyasında Məhəmməd Həsənli adlı tələbəm də var. U-13 komandasında çıxış edir. İnşallah Azərbaycan futboluna böyük fayda verəcək. Ancaq AFFA-dan bu dərəcədə sərt qərar gözləmirdim. Bir il futboldan uzaqlaşdırılmağım, mənim üçün ağır cəzadır. Səhvimi etiraf edirəm. İş olan yerdə problem də olur. Hamımız insanıq, səhvə yol verə bilərik. Amma belə olmamışdı. Həmin oyuna əsa ilə gəlmişdim, oturub kənardan izləyirdim. Heç oyun protokolunda adım da yox idi, baxmayaraq ki, AFFA-nın qərarlarında məni baş məşqçi kimi qeyd ediblər. Səhvi başa düşürəm, ancaq illərlə əziyyət çəkirəm, gərək AFFA da bunu nəzərə alardı".

Əliyev səhhətinin ona təsir etdiyini də deyib:

"O gün "Qarabağ"ı uduzdurdular, hamımız oturub ağladıq. Bütün azərbaycanlı futbolsevərlərə böyük təsir etdi. O gün də Bolqarıstanla qarşılaşmada hakim xeyli səhvlərə yol verdi. Müəyyən məsələlərə görə hakimlərin üzərinə getmək düzgün deyil. Səhhətimlə bağlı problem vardı. Narkozdan təzə çıxmışdım, ayağımda səkkiz tikiş var. İstirahət etmədim, çünki ömrümü meydanda keçirən adamam. Məni oyuna avtomobillə aparmışdılar. Özümü bu hərəkətimə görə çox qınamışam. Mənə böyük zərbə oldu. AFFA illərdir məşqçi olduğumu, tələbələr yetişdirdiyimi nəzərə ala bilərdi. Hakimlər də müəyyən qədər məni tanıyır. Bilirlər ki, elə insan deyiləm. Arada, düzdür, narazılıqlar olur, oyundur. Özümü günahkar bilirəm. Elə U-11 komandasında da yaşananlar hamısı səhhətimdən irəli gələn problemlərdir. Oyundan sonra hakimlə telefon vasitəsilə danışdım, üzrhaxlıq etmişəm, halallıq almışam”.

Maraqlıdı məşqçi bundan sonra nə etmək fikrindədir?

"Yəqin ki, apelyasiya şikayəti olacaq. AFFA yəqin ki, əziyyətimizi nəzərə alar. Elə insanam ki, günüm meydançada keçir. Videoçəkiliş vardı, hakimə də bildirdim ki, haqqını halal etsin. 10 oyunluq cəza da versəydilər, razı olardım. Çünki səhvimi anlayıram və etiraf edirəm ki, oyun mənə görə yarımçıq dayandırılıb. Bir il, ağır cəzadır. "Kəpəz”in U-19 komandasında məşqçi kimi fəaliyyət göstərirəm. Amma "Azəri” komandasını özüm yaratmışam, neçə illərdir yarışlarda iştirak edir. Ümid edirəm ki, apelyasiya müraciətindən sonra cəzam yüngülləşər”.

Səbuhi Həsənov
 




Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->