İnnovasiya və Rəqmsal İnkişaf Agentliyi "Tayms Konsaltinq" MMC ilə satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo xəbər verir ki, müqavilədə çöl reklamlarının yerləşdirilməsi xidmətinin satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 413 000 manatdır. Satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib.
"Dövlət satınalmaları haqqında" Qanuna görə birmənbə metodu ilə satınalma aşağıdakı hallarda keçirilə bilər:
49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda:
49.1.2.1. tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olarsa və ya bu hallar satınalan təşkilatın bilərəkdən gözləməsinin nəticəsi olmadıqda;
49.1.2.2. təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
49.1.3. satınalan təşkilat hər hansı təchizatçıdan satınalma predmetini satın aldıqdan sonra standartlaşdırma mülahizələrinə əsasən və ya mövcud satınalma predmetinə uyğunluğu təmin etmək zərurəti baxımından satınalma predmetini həmin təchizatçıdan satın alınması qənaətinə gəldikdə, habelə keçirilməsi planlaşdırılan satınalma texnoloji və ya müəlliflik hüququ baxımından əvvəlki satınalma predmetinin davamı olduqda;
49.1.4. satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Birmənbə metodu ilə həyata keçirilən bu satınalmanın qanunvericiliyə uyğun olub-olmadığını dəqiq söyləmək mümkün deyil.
"Tayms Konsaltinq" MMC-yə gəlincə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, şirkət 22 aprel 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, İsrafil Həşimov küçəsi, 6-cı mikrorayon, ev 6A, mənzil 106-da yerləşir. MMC-nin qanuni təmsilçisi Bağırov Elqar Etibar oğludur.
"Tayms Konsaltinq" MMC reklam şirkətidir. Şirkətin təsisçisi də Elqar Bağırovdur. O. Azərbaycan Dövlət Reklam Agentliyinin yanında İctimai Şuranın, eyni zamanda "Caspian Energy Club" İctimai Birliyinin üzvüdür.
Seyid
Şərhlər