Xəbər lenti

Əksər avropalılar gələcəyə hədsiz pessimizmlə baxırlar (SORĞU)
Dünya 12:00 26.01.2026

Əksər avropalılar gələcəyə hədsiz pessimizmlə baxırlar (SORĞU)

Avropalıların böyük əksəriyyəti Trampı dünya, öz ölkələri və dünya iqtisadiyyatı üçün mənfi qüvvə kimi görürlər. Avropalıların üçdə ikisi dünyanın vəziyyətinə, öz ölkələrinə, şəxsi şəraitlərinə və ABŞ Prezidenti Donald Trampdan gələn təhlükələrə qarşı bədbin yanaşırlar. 

Qaynarinfo-nun "Politico”ya istinadla yazdığına görə, bu barədə noyabr ayında Avropa İttifaqının 23 ölkəsində 11 mindən çox insan arasında keçirilən sorğunun nəticələri xəbər verir.

Beləliklə, sorğuya əsasən, respondentlərin demək olar ki, üçdə ikisi (63%) "ən yaxşı illərin geridə qaldığını" bəyan edib, 77% isə hesab edir ki, öz ölkələrində həyat "növbəti nəsil üçün daha çətin olacaq". Bu tutqun əhval-ruhiyyə xüsusilə Qərbi və Mərkəzi Avropada geniş yayılıb. Avropalıların əksəriyyəti (76%) öz ölkələrində demokratiyanın tənəzzüldə olduğunu bildirib.

Sorğu aparılan demək olar ki, bütün ölkələrdə əksəriyyət öz ölkəsinin yanlış istiqamətdə hərəkət etdiyini düşünür. İstisnalar Polşa, Litva və Danimarkadır. Mənfi rəylər Rumıniyada (91 faiz), Yunanıstanda (88 faiz) və Bolqarıstanda (86 faiz) daha yüksək olub.

Eyni zamanda, bütün ölkələrdə respondentlərin 70 faizindən çoxu hökumətdən çox şey gözlədiklərini deyil, "hökumətdən daha çox şey gözləməyə haqları olduğunu" hesab ediblər.

Ölkələrinin "digər ölkələrlə sürtünmə yaratsa belə, öz milli maraqlarını daha qətiyyətlə müdafiə etməli" olub-olmaması barədə suala böyük əksəriyyət (71 faiz) "bəli” cavabını verib. Respondentlər həmçinin Avropa təhlükəsizliyinə investisiyaların artırılmasını dəstəkləyiblər: 57 faiz "müdafiə və təhlükəsizlik xərclərinin" artırılmasının tərəfdarı olub.

Trampın təsiri

Hələ ABŞ prezidenti Qrenlandiyanı ələ keçirmək istəyini bəyan etməzdən əvvəl, avropalıların böyük əksəriyyəti onu dünya, öz ölkələri və qlobal iqtisadiyyat üçün mənfi qüvvə kimi qiymətləndirirdi. Respondentlərin təxminən üçdə ikisi bildirib ki, Trampın gələn il dünya iqtisadiyyatına (69 faiz), sülh və təhlükəsizliyə (64 faiz) və öz ölkələrinə (64 faiz) təsirini bədbin qiymətləndirirlər.

Trampın Nobel mükafatına layiq olub-olmaması barədə suala isə 77 faiz "yox" cavabını verib.

FGS şirkəti 10-23 noyabr 2025-ci il tarixləri arasında Avropa İttifaqının 23 ölkəsindən 11 714 yetkin şəxs arasında sorğu keçirib. Hər ölkədə ən azı 500 müsahibə aparılıb. Müsahibələr onlayn formatda keçirilib və məlumatlar hər bir ölkə üzrə cins, yaş, gəlir, region və sosial-iqtisadi qrup üzrə reprezentativ olacaq şəkildə çəkiləndirilib. 500 yetkin şəxs arasında aparılan reprezentativ sorğunun xətası +/- 4,4% təşkil edir.

Avropa ölkələrindəki sorğular

Bundan əvvəl sorğu göstərmişdi ki, Polşa vətəndaşlarının təxminən 60%-i 2026-cı ildə Ukraynadakı müharibənin bitəcəyinə inanmır.

Həmçinin Fransa və Almaniyada aparılan sorğu göstərib ki, getdikcə daha çox respondent Ukraynaya maliyyə yardımının azaldılmasını dəstəkləyir. Bu arada, ABŞ, Kanada və Böyük Britaniyada respondentlər, əksinə, fərqli fikirdədirlər və maddi dəstəyin davam etdirilməsinin tərəfdarıdırlar.

Alpər
--> -->