Alimlər müəyyən ediblər ki, vaksinasiyadan dərhal sonra məqsədli şəkildə pozitiv düşüncələrə köklənən insanlar peyvəndə cavab olaraq qanda daha çox qoruyucu anticisimlər formalaşdırır.
Qaynarinfo "The Independent”ə istinadən xəbər verir ki, əvvəlki tədqiqatlar heyvanlar üzərində aparılan sınaqlarda motivasiya və gözləntilərə cavabdeh olan beynin mükafat sisteminin immunitetə təsir göstərə biləcəyini ortaya qoymuşdu. Lakin insanlarda beyinlə immun sistemi arasında oxşar əlaqənin olub-olmaması indiyədək aydın deyildi.
Alimlər ehtimal edirdilər ki, məhz bu neyron şəbəkə plasebo effektinin əsasını təşkil edə bilər. Plasebo effekti o zaman yaranır ki, saxta müalicə real sağlamlıq yaxşılaşmasına səbəb olur. Bu bioloji mexanizmin daha yaxşı anlaşılması vaksinlərin effektivliyini artırmaq üçün yeni yanaşmalar aça bilər.
Yeni tədqiqatda alimlər 85 sağlam könüllüyə beynin mükafat sistemi kimi tanınan ventral teqmental sahənin (VTA) aktivliyini şüurlu şəkildə yüksəltməyi öyrədiblər və bu prosesi müasir neyrovizualizasiya üsulları ilə izləyiblər.
İştirakçılara müsbət xatirələri yada salmaq, məsələn səyahətləri düşünmək kimi mental strategiyalardan istifadə etməyi öyrədiblər. Paralel olaraq VTA-nın aktivliyi funksional maqnit-rezonans tomoqrafiyası vasitəsilə izlənilib. Bundan əlavə, könüllülər düşüncələrinin nə dərəcədə effektiv olduğu barədə real vaxt rejimində geribildirim alıblar ki, bu da onlara VTA aktivliyini daha da artırmaq üçün strategiyalarını tənzimləməyə imkan verib.
Daha sonra iştirakçılara hepatit əleyhinə peyvənd vurulub, qan nümunələri isə vaksinasiyadan əvvəl və inyeksiyadan sonrakı dörd həftə ərzində götürülüb.
Məlum olub ki, VTA-nın yüksək aktivliyini saxlamağı bacaran şəxslərdə qanda qoruyucu anticisimlərin səviyyəsi əhəmiyyətli dərəcədə daha çox artıb. Bunun üçün onlar pozitiv gözləntilərlə bağlı mental strategiyalardan istifadə ediblər ki, tədqiqat müəlliflərinin fikrincə, bu plasebo effektinin təzahürü ola bilər.
"VTA-nın davamlı şəkildə yüksək aktivliyi müsbət gözləntiləri əhatə edən mental strategiyalarla əlaqəli idi”, deyə alimlər bildiriblər.
Araşdırma motivasiya və gözləntilərlə bağlı konkret beyin yollarının aktivliyi ilə immun sisteminin fəaliyyəti arasında potensial əlaqəyə işarə edir.
"İnsanlarda beyinlə immunitet arasında belə bir əlaqənin mövcud olub-olmadığı və bunun şüurlu müsbət gözləntiləri əhatə edib-etmədiyi hələ də tam məlum deyil”, deyə alimlər "Nature Medicine” jurnalında dərc olunan məqalədə qeyd ediblər.
Tədqiqatçıların sözlərinə görə, bu nəticələr insanlarda plasebo effektinin bioloji mexanizmlərini anlamağa və müalicəyə yeni yanaşmaların hazırlanmasına kömək edə bilər.
"Əldə etdiyimiz məlumatlar göstərir ki, şüurlu şəkildə formalaşdırılan müsbət gözləntilər beynin mükafat sistemini aktivləşdirə və immun funksiyaya təsir göstərə bilər”, deyə alimlər yekunlaşdırıblar.
Eyni zamanda tədqiqatçılar vurğulayırlar ki, daha çox iştirakçının cəlb olunduğu əlavə araşdırmalara ehtiyac var. Çünki bu işdə yalnız anticisimlərin səviyyəsi qiymətləndirilib, vaksinin klinik effektivliyi isə araşdırılmayıb.
Aydın
Şərhlər