Alimlər yoluxucu və ölümcül bir göbələyin dünya miqyasında sürətlə yayıldığı barədə xəbərdarlıq ediblər. Hazırda bu göbələk 6 qitədə, azı 61 ölkədə aşkar edilib və ölümcül infeksiyalara səbəb olur.
Qaynarinfo xəbər verir ki, yeni elmi icmalda tədqiqatçılar geniş yayılmış bir göbələyin dərmanlara davamlı variantının qlobal miqyasda yayılması ilə bağlı ciddi xəbərdarlıq ediblər. Göbələk infeksiyaları hər il təxminən 6,5 milyon insana təsir göstərir və göbələk əleyhinə müalicəyə baxmayaraq, ölüm göstəricisi 50 faizdən yüksək olaraq qalır.
Candida auris adlanan bu göbələk xüsusilə immun sistemi zəif olan şəxslərdə ölümcül infeksiyalara səbəb ola bilən invaziv maya növü kimi tanınır.
Sürətlə yayılan təhlükə
Bu variant ilk dəfə 2009-cu ildə Yaponiyada bir xəstənin qulaq kanalında aşkarlanıb. Qısa müddət ərzində Hindistan da daxil olmaqla bir çox ölkəyə yayılıb və 2014-cü ildə böyük ictimai səhiyyə təhlükəsi kimi qiymətləndirilib. Son məlumatlara əsasən, Candida auris artıq 6 qitədə ən azı 61 ölkədə mövcuddur.
Niyə bu qədər davamlı və təhlükəlidir?
Araşdırma göstərir ki, göbələyin maya tipli böyümə formasından filament əsaslı yayılmaya keçə bilməsi onun dərmanlara qarşı sürətlə davamlılıq qazanmasına imkan yaradır. Eyni zamanda, insan dərisinə yapışqan kimi yapışmasını və koloniyalaşmasını təmin edən hüceyrə divarı zülallarına malikdir.
Hüceyrə membranında göbələk əleyhinə dərmanları təsir göstərməzdən əvvəl xaricə atan xüsusi nasos mexanizmləri mövcuddur. Bundan əlavə, səthlər üzərində yapışqan biofilm qatları formalaşdıraraq dərmanların nüfuz etməsini çətinləşdirir.
Diaqnostika və müalicə çətinlikləri
İcmalda Candida auris-in xəstələr arasında və ya xəstəxana daxilində ötürülməsinin ciddi tibbi problem olduğu vurğulanır. İnfeksiyanın tez-tez səhv tanınması düzgün müalicəyə başlanmasında gecikmələrə səbəb olur.
Tədqiqatçılar xüsusilə resursları məhdud olan ölkələrdə daha güclü nəzarət mexanizmləri vasitəsilə göbələk xəstəlikləri barədə məlumatlılığın artırılmasına çağırış edirlər.
Bununla belə, müsbət xəbər də var. Hazırda klinik sınaq mərhələsində olan üç yeni preparatın yaxın gələcəkdə bu infeksiyanın müalicəsində istifadəyə verilməsi planlaşdırılır.
İqlim dəyişikliyi göbələkləri sürətləndirir
Bu ilin may ayında dərc olunan başqa bir araşdırma qlobal temperatur artımının hər il dünya üzrə milyonlarla infeksiyaya və 2,5 milyona qədər ölümə səbəb olan bəzi göbələk növlərinin yayılmasını sürətləndirəcəyini göstərib.
Aspergillus fumigatus adlı növ 2100-cü ilə qədər yayılma arealını 77 faiz genişləndirə, Avropa, Asiya və Amerika qitələrinin daha şimal bölgələrinə çata və təkcə Avropada əlavə 9 milyon insanı risk altına sala bilər.
Hesabatın baş müəllifi doktor Norman van Reyn bildirib: "Rütubət və ekstremal hava hadisələri kimi ətraf mühit amillərindəki dəyişikliklər göbələklərin adaptasiyasını və yayılmasını sürətləndirəcək. Göbələklər viruslar və parazitlərlə müqayisədə daha az araşdırılıb, lakin bu xəritələr göstərir ki, gələcəkdə göbələk patogenləri dünyanın böyük hissəsinə təsir göstərəcək".
Aydın
Şərhlər