Vətəndaşlara qarşı külli miqdarda dələduzluqda ittiham olunan "İnstapower” şirkətinin Azərbaycan üzrə nümayəndəsi Orxan Babazadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə müxtəlif adamların əmlakını ələ keçirmək məqsədi ilə şəxsiyyəti naməlum "Maria”, "Jesika” adlı şəxslərlə cinayət əlaqəsinə girib.
O, qrup üzvləri "Maria” və "Jesika”dan "Telegram” vasitəsilə aldığı tapşırıqlara uyğun olaraq insanlara birbaşa və ya sosial şəbəkələr vasitəsilə özünü mərkəzi ofisi Çinin Honkonq şəhərində yerləşən "İnstapower” şirkətinin nümayəndəsi kimi təqdim edib.
Şirkətinin iaşə obyektləri üçün daşına bilən enerji avadanlıqları - poverbank istehsal etdiyini, investisiya yatıranların da şirkətdən xəyali olaraq poverbank alacaqlarını və aldıqları poverbankları şirkətin icarəyə verməsi nəticəsində gündəlik gəlir qazanacaqlarını vəd edib.
Həmçinin cəlb olunan vətəndaşlara daha çox gəlir qazanmaq üçün özlərindən sonra şirkətə yeni şəxsləri qoşduqda yatırılan məbləğin 10 faizinədək əlavə gəlir əldə edəcəklərini bildirib.
Təqsirləndirilən şəxs real görüntü yaratmaq məqsədilə 2023-cü il yanvarın əvvəllərində Bakının Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Salatın Əsgərova küçələrinin kəsişməsində və digər ünvanlarda icarəyə götürdüyü ofislərdə şirkətin rəsmi nümayəndəliyinin açılması ilə bağlı tədbir təşkil edib.
Bunu nümayişkaranə şəkildə insanlara göstərməklə şirkətin respublika ərazisində lisenziya əsasında tam qanuni şəkildə fəaliyyətdə olduğunu, işləmələrinə icazə verildiyini bildirib.
Bu üsulla 2022-cü ilin oktyabr ayından 5 mart 2023-cü il tarixədək Bakı şəhəri və respublikanın digər rayonlarında müxtəlif ünvanlarda ümumilikdə 56 nəfəri aldadıb. Təqsirləndirilən şəxs zərərçəkmişlərə 300 min manata yaxın ziyan vurub.
İstintaq orqanı tərəfindən O. Babazadənin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilib.
"Mesajın öz dilimizdə olması məndə şübhə yaratdı”
Cinayət işi üzrə ifadə verən Orxan Babazadə ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, internet sosial şəbəkəsində iş axtarmağı ilə bağlı sayta elan yerləşdirib: "Bu zaman "Jesika” adlı bir şəxs mənə "Ayfon” telefonunda öz adına olan mobil nömrəsi ilə açdığı və işlətdiyi "Telegram” sosial şəbəkəsindən xarici nömrədən Azərbaycan dilində mesaj yazaraq iş təklif etdi.
"Jesika” özünü xarici ölkə vətəndaşı kimi tanıtdı və bildirdi ki, dünyanın 20 ölkəsində şirkətləri var, 21-ci ölkə isə Azərbaycandır. Dedi ki, "İnstpovver” adlı şirkət daşına bilən enerji doldurucu aparatın istehsalı və icarəyə verilməsi ilə məşğuldur. Təklif etdi ki, həmin cihazın istehsalı və icarəsi üçün yatırım edərək gəlir qazanaq.
Mən "Jesika”dan qazancın mənbəsini soruşdum. Bildirdi ki, yatırım nəticəsində "İnstapower” adlı şirkət qurğu icarəyə veriləcək və gündəlik gəlirdən bizə də qazanc qalacaq. "Jesika”nın mesajının Azərbaycan dilində olması məndə şübhə yaratdı. Ondan bizim dilimizdə necə yazdığını soruşdum. Cavab verdi ki, cümlələri transletdə Azərbaycan dilinə çevirərək yazır, çevirə bilmədiyi sözləri isə onların Azərbaycanda olan nümayəndələrinin köməyi ilə tərcümə edir.
"Jesika” və "Maria” adlı şəxslər xarici mobil nömrədən istifadə edirdilər. "Jesika” işin rəsmi olduğunu bildirdi. Mən isə həmin vaxt mətbəə yerində işləyirdim”.
"Bildirdilər ki, bu iş problemli deyil”
Təqsirləndirilən şəxs bildirib ki, 2022-ci ilin dekabr ayında Əli adlı şəxs ona götürəcəyi obyektdə iş təklif edib:
"Mən obyektdə oturaraq "Powerbank” aparatı barədə müştərilərə məlumat verməli idim. "Powerbank” aparatı mobil telefonun enerji yığmasına kömək edən cihazdır. Mənim rolum sadəcə məlumat vermək idi. Satışı isə işi quranlar həyata keçirirdilər.
Mən əlavə gəlir götürmək üçün təkliflə razılaşdım. Müştərilər proqram vasitəsilə yatırım edirdilər və yatırım etdikcə müştərilərin adına da avadanlıqlar icra olunurdu, gündəlik qazanc əldə edilirdi. İş mənə şübhəli görünsə də, ətrafdakılardan soruşduqda bildirirdilər ki, bu iş problemli deyil”.
Orxan Babazadə qeyd edib ki, ona əlbəəl heç kəs pul verməyib: "Müştərilər pulu "M10” tətbiqinə köçürürdülər. "M10” proqramı bir növ "pulqabı” rolu oynayırdı. Bu proqram vasitəsilə kommunal xərclər ödənilə, digər kart hesablarına pul köçürülə bilər. Amma "M10” proqramında olan pulu nağdlaşdırmağın mümkün olub-olmadığını bilməmişəm. Çünki çıxarışları mən etmirdim. Mən zərərçəkmiş şəxsləri tanımıram”.
"Bir dəfə 800, bir dəfə də 1000 manat qazandım, 46000 isə batdı”
Təqsirləndirilən şəxs deyib ki, işdə adı keçən Leyla onun həyat yoldaşıdır: "Lakin həyat yoldaşımın işimdən xəbəri yox idi. Mən həyat yoldaşımla mağazaya getdim və onun şəxsiyyət vəsiqəsi ilə adına nömrə aldıq.
"Jesika” və "Maria” adlı şəxslər bilmədiyim başqa nömrələrlə də "M10” proqramı istifadə edirdilər. Mən heç vaxt "Jesika” ilə görüntülü danışmamış və ya səsli mesaj atmamışam. Biz "Telegram” sosial şəbəkəsindən mesajlaşdıq.
İstintaq zamanı müstəntiq mənə həmin şəxsin Çin vətəndaşı olduğunu dedi. Mənə bu işdən maaş kimi bir dəfə 800, bir dəfə də 1000 manat almışam”.
Orxan Babazadənin sözlərinə görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən "VÖEN” almayıb və qeydiyyatdan keçməyib: "Mesajlarda "Jesika" və "Maria” fəaliyyətlərini rəsmiləşdirmək üçün Azərbaycana gələcəklərini yazırdılar. Mesaj yazdım ki, axı mənə əvvəlcədən işin rəsmi olduğunu demişdilər. Bildirdilər ki, dünyanın 20 ölkəsində rəsmi fəaliyyət göstərsələr də, hələ Azərbaycanda bu iş rəsmiləşdirilməyib.
Mircəfər adlı şəxs şirkətin nümayəndəsi idi və dediyinə görə, əvvəllər hüquq-mühafizə orqanlarından birində müstəntiq işləyib. Mircəfər deyirdi ki, rəsmiləşdirmə işini özü edəcək. Mircəfərin bacısı Aytac xanım isə vəkil idi. Mən rəsmiləşdirmə işi qarşılığında "Jesika” və "Maria” adlı şəxslərin hesabıma göndərdiyi 46.000 manatı Mircəfərə və Aytaca çatdırdım.
Amma rəsmiləşdirmə baş tutmadı və 46.000 manat batdı. Hazırda vəkil Aytac xanım barəsində Səbail Rayon Polis İdarəsinə şikayətlər daxil olub. Dələduzluq cinayətində ittiham olunduğundan onun vəkillik fəaliyyətinə xitam verilib”.
"Həmin şəxsləri canlı görməmişəm”
Orxan Babazadənin ifadəsinə görə, Minə Mehdiyeva onun cinayət işi üzrə şahiddir: "Minə "Jesika” və "Maria” adlı şəxsləri öncədən tanıyıb. "Powerbank” aparatını Azərbaycan ərazisində gömrükdən o keçirib, açılışlarda cihazı o təqdim edib. Minə şirkətlə çoxdan işlədiyini, heç bir problem olmadığını bildiririrdi”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Orxan Babazadə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmə əsasən, Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsinin depozit hesabında saxlanılan 15.998 manat və MMC tərəfindən bloklanmış, "M10” hesabında saxlanılan 12.374,25 manat müsadirə edilib. Həmin vəsait mülki iddiaçı olan zərərçəkmiş şəxslərin arasında bölünməsi barədə qərar qəbul edilib.
Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. O, müvəkkilinin əməlini Cinayət Məcəlləsinin n 178.2.2 (təkrar dələduzluq) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələrinə tövsif edilməsini xahiş edib.
Həmçinin zərərçəkmiş şəxslər də apellyasiya şikayəti veriblər. Onlar mülki iddialarının tam təmin edilməsini, həmçinin təqsirləndirilən şəxsin cəzasını 9 ilə qədər artırılmasını istəyiblər.
Bu şikayətlərə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Həm təqsirləndirilən şəxsin vəkilinin, həm də zərərçəkmiş şəxslərin şikayətləri rəd edilib.
Bu qərardan narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi kasasiya şikayəti verib. Kasasiya şikayətinə Ali Məhkəmədə hakim Vidadi Cəfərovun sədrlik etdiyi kollegiyada baxılıb. Hakimlər heyəti vəkilin şikayətini haqlı hesab etməyiblər.
Şərhlər