Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi taxıl və tarla bitkiləri ilə yanaşı, meyvə bağlarını da müxtəlif risklərdən qoruyur. Aqrar sığortanı əhatə edən risklərdən biri də normadan artıq yağan qar nəticəsində əkinlərə zərər dəyməsidir.
Qaynarinfo xəbər verir ki, 2024-cü ilin fevralında Lənkəran rayonunda yağan qar nəticəsində Separali kəndindəki limon bağlarına zərər dəyib.
Bağda ağacların budaqlarında qırılmalar müşahidə edilib. Fermer bununla bağlı Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə məlumat verib. Qaydalara uyğun olaraq fevral ayında təsərrüfata müstəqil aqrar sığorta eksperti yönəldilib, ərazidə ilkin ekspertiza aparılıb. İndi isə ekspertlər sahəyə dəymiş zərərlə bağlı yekun ekspertiza və hesablama aparır.
Mövzu ilə bağlı açıqlama verən Aqrar Sığorta Fondunun Daxili audit və nəzarət şöbəsinin müdiri Rəvan Səmədli bağda budaqların qırılmasına səbəbinin normadan artıq qar yağması olduğunu bildirib.
Fondun Müstəqil ekspertlərlə iş şöbəsinin müdiri Əkbər Məmmədov qeyd edib ki, limon bağı nisbətən gənc olduğu üçün normadan artıq yağan qar nəticəsində zərərin miqdarı daha yüksək olub. Onun sözlərinə görə, mütəxəssislər tərəfindən dəymiş zərər qiymətləndirildikdən sonra fermerə ödəniş ediləcək.
Cənub bölgəsində aqrar sığorta vasitəsilə sığortalanan meyvə bağları artmaqdadır. Ümumiyyətlə, 2024-cü ildə meyvə bağlarının sığortalanması sahəsində ciddi artım var. Aqrar sığorta mexanizmi vasitəsilə meyvə bağları müxtəlif təbiət hadisələri - dolu, fırtına-qasırğa, normadan artıq qar yağıntıları, donvurma, 3-cü şəxslərin hərəkətləri və sair nəticəsində dəymiş zərər kompensasiya olunur. Aqrar sığorta vasitəsilə meyvə bağlarını baza zərfi ilə yanaşı, əlavə olaraq şaxtavurma, leysan və dolu səbəbindən keyfiyyət itkisi və sair risklərdən də sığortalamaq mümkündür. Bundan başqa, meyvə bağlarındakı ağacları və yeni salınmış bağlardakı tingləri ayrıca olaraq il boyu çoxsaylı risklərdən sığortalamaq mümkündür.
Şərhlər