Xəbər lenti

ABŞ-da təhlükəli vəziyyət:
Dünya 17:32 31.01.2026

ABŞ-da təhlükəli vəziyyət: "Yatmış" supervulkanda şəhər ölçüsündə bir çıxıntı aşkarlandı

Əsasən geyzerləri və isti bulaqları ilə tanınan ABŞ-dakı Yellouston Milli Parkı bir daha alimlərin diqqətini cəlb edib. 

Qaynarinfo "Oregon Live" portalına istinadən xəbər verir ki, geoloqlar parkın şimal kənarında nəhəng bir qabarma qeydə alıblar və bu da milli parkda davamlı vulkanik aktivliyin göstəricisidir. Alimlər bu qabarmaya "vulkanik qalxma” deyirlər və tez-tez torpaq altında maqma və ya qaz hərəkəti ilə bağlı olur.

Norris qalxması

1996-cı ildə Norris geyzer hövzəsi yaxınlığında müşahidə olunan qalxma 2004-cü ildə yox olmuşdu. Lakin 2025-ci ilin iyul ayında Norris qalxması yenidən başladı və hazırda onun sahəsi böyük bir şəhərin ölçüsünə bərabərdir.

"Onun diametri təxminən 30 km-dir, yəni Çikaqo ölçüsündədir”, deyə Yellostoun Vulkanik Müşahidə Qurumunun alimi Maykl Poland "Cowboy State Daily” qəzetinə bildirib.

ABŞ Geoloji Xidmətinin 2 yanvar tarixli aylıq hesabatında qeyd olunur ki, ölçmələr şimal kənarında kiçik bir qalxmanı göstərir və görünür, iyul ayında başlayıb. İyul-sentyabr dövründə bu qalxma təxminən 2 santimetr təşkil edib. Bu hərəkət gözdən qaçır, lakin GPS stansiyaları və interferometrik radar vasitəsilə qeydə alınıb.

Alimlərin açıqlaması

Alimlər sakinləri sakitləşdirir, bildirirlər ki, belə nəhəng ərazinin qalxması o demək deyil ki, dərhal vulkan partlayacaq.  "Bu, gələcək partlayış və ya başqa bir təhlükənin əlaməti deyil. Əksinə, Yellostounun dinamik təbiətinin bir nümunəsidir və biz yeni nəsil həssas monitorinq vasitələri ilə yeraltı xüsusiyyətlər haqqında məlumat əldə edə bilərik”, – deyə Poland əlavə edib.

İnternetdə Yellostounun qaçılmaz superpartlayışı ilə bağlı miflər uzun illər dolaşır, lakin ABŞ Geoloji Xidməti bildirir ki, belə bir hadisənin yaxın zamanda baş vermə ehtimalı çox azdır.

Aydın

--> -->