"Cari tədris ilində ali təhsil müəssisələrinə qəbul planı artırılaraq 80 154 yer müəyyən edilib. Bu artım ölkənin əmək bazarındakı dəyişikliklər və prioritet istiqamətlərin tələbələr arasında bölüşdürülməsi ilə bağlıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Ekspert vurğulayıb ki, qəbul planındakı artım əsasən mühəndislik, informasiya texnologiyaları, aqrar sahələr və təbiət elmləri üzrə ixtisas qruplarını əhatə edir:
"Bu sahələrin seçimi Azərbaycanın iqtisadi və sosial inkişaf strategiyası ilə sıx bağlıdır. Statistika göstərir ki, mühəndislik sahəsi üzrə qəbul yerləri əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artırılıb. Bu, xüsusilə, inşaat mühəndisliyi, mexanika və elektrik mühəndisliyi kimi sahələrdə özünü büruzə verir. İnfrastrukturun genişləndirilməsi, sənaye obyektlərinin bərpası və işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin sürətlənməsi bu sahəyə olan tələbi artırır. Artan tələbatın ödənilməsi üçün tələbələrin bu istiqamətə yönləndirilməsi vacib hesab edilir".
Ekspert bildirib ki, rəqəmsal texnologiyalar sahəsində də artım müşahidə olunur:
"Proqramlaşdırma, süni intellekt, kibertəhlükəsizlik və rəqəmsal transformasiya ilə bağlı sahələrdə tələbə yerlərinin artırılması Azərbaycanın qlobal rəqəmsal iqtisadiyyatda rəqabət qabiliyyətini artırmaq məqsədinə xidmət edir. Bu sahələr üzrə tələbə qəbulu, həm dövlət, həm də özəl sektorda rəqəmsal texnologiyalara olan yüksək tələbatla izah edilir. Təbiət elmləri üzrə də qəbul planında artım var. Biologiya, kimya və ekoloji elmlər sahələrində daha çox tələbənin cəlb edilməsi, ekoloji problemlərin həlli və davamlı inkişaf məqsədləri ilə birbaşa əlaqədardır. Xüsusilə ekoloji problemlər kontekstində bu sahədə mütəxəssis hazırlığı strateji əhəmiyyət kəsb edir. Aqrar sektorda da qəbul planı genişləndirilib. Aqronomluq, torpaqşünaslıq və kənd təsərrüfatı mühəndisliyi sahələrində mütəxəssis hazırlığına diqqət artırılıb. Ölkənin ərzaq təhlükəsizliyi siyasətinə dəstək olaraq kənd təsərrüfatının inkişafı üçün peşəkar kadrlara ehtiyac artmaqdadır" .
Kamran Əsədov qəbul edilən tələbələrin sayı qəbul planının 92.3%-ni təşkil etdiyini qeyd edib:
"Bu rəqəm göstərir ki, bəzi ixtisaslar üzrə yerlər tam dolmayıb. Xüsusilə regionlarda və az tələb olunan sahələrdə təbliğat işlərinin aparılması tələbələrin bu istiqamətlərə marağını artırmaq üçün mühüm əhəmiyyət kəsb edir. Bu ilki qəbul planı və nəticələr göstərir ki, Azərbaycanın təhsil siyasəti əmək bazarının tələblərinə cavab vermək, ölkənin inkişaf prioritetlərinə uyğun kadr hazırlığını təmin etmək və beynəlxalq rəqabətə uyğunlaşdırılmış ixtisaslar üzrə tələbə qəbulu həyata keçirmək istiqamətində inkişaf edir".
Kamran Əsədovun sözlərinə görə, təhsil sistemində atılan bu addımlar yalnız qısa müddətli deyil, həm də uzunmüddətli inkişaf strategiyasına xidmət edir.
Bahar Rüstəmli
Şərhlər