Xəbər lenti

Təyyarə fobiyasına necə qalib gəlmək olar? - Psixoloq məsləhəti
Ölkə 22:25 28.12.2024

Təyyarə fobiyasına necə qalib gəlmək olar? - Psixoloq məsləhəti

"Təyyarə qəzasından sonra insanlar arasında səfər qorxusunun artması təbii reaksiyadır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında psixoloq Elnur Rüstəmov təyyarə qəzalarının psixoloji təsirlərindən danışarkən deyib. 

Psixoloqun sözlərinə görə, bu birbaşa olaraq insanın öz təhlükəsizliyini qorumaq instinkti ilə əlaqədardır:

"Belə hallarda baş verən qorxunun bir çox səbəbləri olur. Bura travmatik təcrübə və media təsiri daxildir. Belə ki, təyyarə qəzası kimi hadisələr geniş şəkildə media tərəfindən işıqlandırılır və bu da travmatik təsirə səbəb ola bilir. İnsanlar qəza ilə əlaqəli görüntülərdən və xəbərlərdən sonra özlərini təyyarədə eyni vəziyyətdə təsəvvür edirlər. Biz bura kontrol itkisi hissini də daxil edə bilərik. Belə ki, təyyarədə sərnişinlərin vəziyyətə nəzarəti minimum səviyyədədir. Bu, bəzi insanlarda güclü narahatlıq yarada bilir. Bura həmçinin katastrofik düşüncə də daxildir. İnsanlar qəzanın nadir olduğunu bilmələrinə baxmayaraq, statistikaya deyil, emosiyalara əsaslanaraq vəziyyəti daha təhlükəli hesab edirlər. Bura travma sonrası stres pozuntusu (TSSP) da daxildir. Bir çox insan təyyarə qəzasını birbaşa yaşamasa da, təsirli şəkildə travmatik stres reaksiyası göstərə bilər".
 


Psixoloq əlavə edib ki, bu qorxuya qalib gəlmək üçün təyyarə ilə səyahətin ən təhlükəsiz nəqliyyat növü olduğunu göstərən statistik məlumatlarla insanları tanış etmək lazımdır:

"Məsələn, avtomobil qəzası riski təyyarə qəzası riskindən qat-qat yüksəkdir. Aviasiya şirkətlərinin təhlükəsizlik standartlarını və qəza sonrası görülən tədbirləri də göstərmək olar. Gərəkirsə bu problemdən əziyyət çəkən insanlar peşəkar psixoloq dəsrəyi də ala bilər. Təcrübəli bir psixoloq və ya psixoterapevt bu qorxunun qaynağını müəyyənləşdirə, şəxsi yanaşma ilə uyğun terapiya metodlarını tətbiq edə, duyğuları tənzimləmək üçün strategiyalar öyrədə bilər. Unutmayın ki, hər hansı qorxu üzərində işləməklə aradan qaldırıla bilər. Əsas məsələ, problemi qəbul edib onunla mübarizə aparmaq üçün ilk addımı atmaqdır”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->