"Ana dilinin hərtərfli inkişafı, dövlət dilinə çevrilməsi bir millət üçün ən mühüm amildir".
Bunu Qaynarinfo-ya açıqlamasında araşdırmaçı jurnalist Rəsul Mirhəşimli bildirib. O qeyd edib ki, 2001-ci ildə Azərbaycan latın qrafikalı əlifbaya keçdikdən sonra bir çox işlər görülüb:
"Bunların sırasında Azərbaycan klassiklərinin, yazıçı və şairlərin əsərlərinin latın qrafikalı əlifba ilə çap edilməsini sadalamaq olar. Azərbaycan dilinin bütün dairələrdə işlənməsi əhəmiyyətli sayılır. Bundan əlavə, beynəlxalq tədbirlərdə milli dilin işlədilməsi də Azərbaycanın bir çox dəyərlərinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir".
Jurnalist bu sahədə neqativlərin də olduğuna diqqət çəkib:
"İlk növbədə Bakıdakı mağaza və iaşə obyektlərinin Azərbaycan dilində deyil, əcnəbi dillərdə olması dilimizə təkcə insanların ögey münasibəti saymaq olmaz. Eyni zamanda, bu faktı mənəvi deqradasiya amili kimi də dəyərləndirmək mümkündür. Bu yaxınlarda sosial şəbəkə istifadəçilərindən biri Bakının ən məşhur ərazilərinin birində şəkil çəkdirib yaymışdı. Adam təəssüf hissi ilə qeyd edirdi ki, fonda görünən reklam lövhələrindən fotonun Bakıda çəkildiyini heç cür sübut etmək olmur. Bakı bu reklam lövhələrinin hesabına mənfi anlamda Londona, yaxud Parisə bənzəyir. Əgər insan öz doğma dilinə bu qədər ögey yanaşırsa, ondan milli dəyərlərin qorunmasını tələb etmək mümkün olmayacaq".
Rəsul Mirhəşimli bildirib ki, "Azərbaycan dilinin inkişafı və qorunması haqqında" normativ sənəd dövlət dilimizin qaydalarının pozulmasına görə inzibati cəza tədbirləri də nəzərdə tutur:
"Təəssüf ki, Bakı mənzərələri bu sənədin kağız üzərində olduğunun görüntüsünü yaradır. Bundan əlavə, başqa bir problem də Azərbaycan dilinin orfoqrafiya lüğətlərinin mükəmməl hazırlanmamısı ilə bağlıdır. Sadə bir misal çəkim, orfoqrafiya lüğətində ərəb dilindən alınma söz olan "səbr" sözü "səbir" kimi yazılıb. Bu səhv təkcə orfoqrafiya səhvini ortaya qoymur, eyni zamanda, bu sözün mənasını da başqa sözlə əvəz edir. Çünki "səbir" sözü dilimizə fars dilindən gələn sözdür, mənası da "asqırmaq" deməkdir. Bu cür misalların sayını artırmaq da mümkündür. Belə yanlışların ortaya çıxmaması üçün orfoqrafiya lüğətlərinin hazırlanması zamanı dilimizə ən çox hansı dillərdən sözlər gəlirsə, həmin dilləri bilən mütəxəssisləri bu işlərə cəlb etmək lazımdır. Ərəb, fars, rus, ingilis dilindən gələn sözlər üstünlük təşkil etdiyi üçün bu dilləri bilməyən mütəxəssislərin iştirakı olmadan lüğət hazırlamaq yetərli ola bilməz".
Jurnalist qeyd edib ki, Azərbaycan dili Türk dilləri ailəsində mükəmməl dil kimi müstəsna yer tutur:
"Lakin dil nə qədər mükəmməl olsa belə, davamlı şəkildə dil islahatı aparılmalıdır. Bu islahat da bir institut səviyyəsindən çıxarılmalı, geniş tərkibli komissiyaların araşadırmaları ilə aparılmalıdır".
Qeyd edək ki, 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun qəbul olunub, latın qrafikalı Azərbaycan əlifbasına keçid prosesi 2001-ci ildə başa çatdırılıb. Yeni qrafikalı əlifbanın tətbiqinin respublikamızın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində önəmli hadisə olduğunu nəzərə alan Heydər Əliyev 2001-ci il avqustun 9-da Fərman imzalayıb. 552 saylı bu Fərmanla avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan olunub.
Siyasət şöbəsi
Şərhlər