Neyroinkişaf fərqliliyi olan Asperger sindromu ilk dəfə 1976-cı ildə təsvir olunub. 2013-cü ildən etibarən isə bu sindrom autizm spektr pozuntularına daxil edilib. Adını avstriyalı uşaq həkimi Hans Aspergerdən alan bu vəziyyət, uşaqlarda sosial ünsiyyət çətinlikləri ilə xarakterizə olunur.
Qaynarinfo xəbər verir ki, Ntv-yə danışan psixiatr Dr. Sadıqə Osmanlı Şırolu bildirib ki, Asperger sindromu cəmiyyətdə çox zaman yanlış olaraq "uyğunsuzluq” kimi qiymətləndirilir. Onun sözlərinə görə, bu yanaşma düzgün deyil və məsələ daha çox beynin məlumatı emal etmə və sosial mühiti qavrama fərqliliyindən qaynaqlanır.
Mütəxəssis qeyd edib ki, autizm spektri geniş anlayışdır və hər bir fərd ayrı-ayrılıqda qiymətləndirilməlidir. O vurğulayıb ki, Asperger sindromu adətən dil inkişafının qorunduğu və zəka səviyyəsinin normal və ya yüksək olduğu hallarda müşahidə edilir.
Dr. Şırolunun sözlərinə görə, bu sindromun əsas xüsusiyyətləri sosial ünsiyyət sahəsində ortaya çıxır. Belə şəxslər mimikalardan duyğuları anlamaq, söhbətin axarına uyğun reaksiya vermək və gizli mənaları başa düşməkdə çətinlik çəkə bilirlər. Bununla belə, bu onların hissiz və ya laqeyd olduqları anlamına gəlmir.
Mütəxəssis bildirib ki, Asperger sindromu empati çatışmazlığı ilə eyniləşdirilməməlidir. Onun sözlərinə görə, bu şəxslər duyğuları hiss edir, lakin onları ifadə etmə formaları fərqli olur.
Eyni zamanda, bu sindromu olan şəxslərdə müəyyən sahələrə güclü maraq və diqqət müşahidə olunur. Düzgün istiqamətləndirildikdə bu xüsusiyyət yüksək məhsuldarlığa səbəb ola bilər. Lakin gündəlik planların dəyişməsi və qeyri-müəyyənlik halları onlarda narahatlıq yarada bilər.
Qeyd olunub ki, Asperger sindromunun diaqnozu laboratoriya testləri ilə deyil, əsasən klinik müşahidə və inkişaf tarixçəsinə əsaslanır. Erkən diaqnoz fərdin həyat keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır.
Mütəxəssis vurğulayıb ki, bu vəziyyət problem kimi deyil, fərqlilik kimi qəbul edilməli, əsas diqqət isə fərdin sosial bacarıqlarının inkişafına və güclü tərəflərinin üzə çıxarılmasına yönəldilməlidir.
Günay
Şərhlər