Xəbər lenti

Trendə həvəs, şüursuz davranış - Təhlükənin qarşısını necə alaq?
Ölkə 18:23 17.04.2026

Trendə həvəs, şüursuz davranış - Təhlükənin qarşısını necə alaq?

"Sosial şəbəkədə yayılan videogörüntülərdə nənənin körpə uşağını avtomobilin ön oturacağında, təhlükəsizlik qaydalarını açıq şəkildə pozaraq saxlaması və eyni zamanda diqqətini yoldan yayındıran davranışlar sərgiləməsi təkcə məsuliyyətsizlik deyil, həm də uşağın həyatını birbaşa təhlükəyə atan haldır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin sədri Sevinc Fədai sükan arxasında olarkən nəvəsinin həyatını təhlükəyə atan bağça müdirinin sosial şəbəkədə paylaşdığı video ilə bağlı danışarkən deyib.

Sədrin sözlərinə görə, bu hadisə daha dərin bir problemi üzə çıxarır:

"Sosial mediada görünmək, diqqət toplamaq və təsdiq qazanmaq istəyi bəzən valideyn məsuliyyətinin önünə keçir. "Virtual öhdəlik” kimi  formalaşan bu psixoloji təzyiq insanları reallıq  hissindən uzaqlaşdırır və riskləri kiçiltməyə sövq edir. Nəticədə isə ən həssas qrup olan uşaqlar bu  düşüncəsiz davranışların qurbanına çevrilir. Məsələnin kökündə duran əsas səbəblər sosial mediada populyarlıq uğrunda təhlükəli davranışların normallaşması, uşaq təhlükəsizliyi qaydaları ilə bağlı bilik və vərdişlərin yetərsizliyi, valideyn məsuliyyətinin emosional və impulsiv qərarlarla kölgələnməsidir. Unudulmamalıdır ki, avtomobildə uşaq təhlükəsizliyi ilə bağlı qaydalar formal prosedur deyil, bunlar real risklərin qarşısını alan həyati prinsiplərdir. Ön oturacaqda, xüsusi oturacaq  olmadan daşınan körpə hər an ölümcül xəsarət ala bilər”. 
 


Sevinc Fədai bu kimi təhlükələrin qarşısının alınması yollarından da bəhs edib:

"Uşaq təhlükəsizliyi və məsuliyyətli valideynlik mövzusunda genişmiqyaslı maarifləndirmə kampaniyalarının həyata keçirilməsi; Sosial mediada riskli və təhlükəli davranışların təşviqinə qarşı ictimai qınağın və etik çərçivələrin gücləndirilməsi; Media və influencerlər üçün məsuliyyət kodeksinin təşviqi; Müvafiq dövlət qurumları tərəfindən nəzarət və hüquqi mexanizmlərin daha effektiv tətbiqi; Məktəb, bağça və icma səviyyəsində valideynlər üçün davamlı təlim və məlumatlandırma proqramlarının təşkili”.

Sədrin sözlərinə görə, bu hadisə hər bir insan üçün düşünmək və mövqe bildirmək çağırışıdır:

"Valideyn olmaq təkcə sevgi deyil, eyni zamanda yüksək məsuliyyət və şüurlu davranış tələb edir. Sosial mediada qazanılan bir neçə saniyəlik diqqət heç vaxt uşağın həyatı və sağlamlığı ilə müqayisə oluna bilməz. Cəmiyyət olaraq təhlükəli davranışlara  susmaqla deyil, onları açıq şəkildə qınamaq və qarşısını almaqla reaksiya verməliyik. Hər bir uşaq  təhlükəsiz, qorunan və məsuliyyətli mühitdə böyümək hüququna malikdir və bu hüququ qorumaq hər birimizin borcudur”. 

Qeyd edək ki, sükan arxasında olarkən nəvəsinin həyatını təhlükəyə atan bağça müdirinin sosial şəbəkədə paylaşdığı video ictimaiyyətdə ciddi narahatlıq doğurub. Araşdırma zamanı onun bağça  müdiri olduğu müəyyən edilib. Videoda tez-tez  əllərini sükan üzərindən çəkərək musiqi sədaları altında əylənməsi izləyicilər tərəfindən uşağın həyatını riskə atması kimi qiymətləndirilib. 

Bahar Rüstəmli
--> -->