Xəbər lenti

Arif Babayevin məzar daşındakı yazı müzakirə yaradır - Mənsum İbrahimovdan açıqlama
Ölkə 18:22 08.05.2026

Arif Babayevin məzar daşındakı yazı müzakirə yaradır - Mənsum İbrahimovdan açıqlama

"Azərbaycan xanəndəlik sənətində professorların sayı çoxdur”.

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Mənsum İbrahimov mərhum xanəndə Arif Babayevin qəbirüstü abidəsində yazılan "Şərqdə ilk muğam professoru” ifadəsi ətrafında yaranan müzakirələrə münasibət bildirərkən deyib.

Xanəndənin sözlərinə görə, professor adı muğam sənətində pedaqoji fəaliyyət göstərən sənət adamlarına verilir:

"Professor adı Arif Babayevə, mərhum Canəli Əkbərova, Səkinə İsmayılovaya, Nəzakət Teymurovaya, Mələkxanım Əyyubovaya, mənə və başqa xanəndələrə verilib. Arif Babayev Azərbaycanda muğam üzrə ilk professor olub.  Amma Şərqdə ilk olub-olmaması barədə məlumatım yoxdur. Bu, araşdırılmalı mövzudur”.
 

Mənsum İbrahimov hesab edir ki, məsələ musiqişünaslar tərəfindən elmi şəkildə araşdırılmalıdır:

"Muğam sahəsində uzun illər fəaliyyət göstərən, eyni zamanda müəllimlik edən və tələbə yetişdirən xanəndələrə dövlət tərəfindən belə ad verilir. Bu, dissertasiya müdafiəsi ilə alınan elmi ad deyil”. 

Xalq artisti onu qeyd edib ki, Arif Babayevin qəbirüstü abidəsini hələ görməyib. 

Qeyd edək ki, mərhum Xalq artisti Arif Babayevin qəbirüstü abidəsinin üzərində yer alan - "Şərqdə ilk muğam professoru Görkəmli xanəndə Xalq artisti Babayev Arif İmran oğlu” ifadələri sosial şəbəkələrdə və ictimaiyyət arasında müzakirələrə səbəb olub. Narazılıq əsasən xanəndənin "Şərqdə ilk muğam professoru” kimi təqdim edilməsinə yönəlib. 

Bahar Rüstəmli
 

--> -->