Almaniyada 17–45 yaş arası kişilərin ölkəni uzun müddət tərk etməsinə dair yeni məhdudiyyət qüvvəyə minib.
Qaynarinfo xəbər verir ki, bu barədə Almaniyanın "Berliner Zeitung (BZ)” qəzeti məlumat yayıb.
Məlumata görə, bu il yanvarın 1-dən etibarən 17–45 yaş arası bütün kişilər, Almaniya Silahlı Qüvvələrinin (Bundesver) karyera mərkəzindən icazə almadan ölkəni üç aydan uzun müddətə tərk edə bilməzlər. Yeni qayda istənilən səfərlərə — xaricdə təhsil, iş və ya səyahətə şamil olunur. Bildirilir ki, bu öhdəlik artıq yalnız "gərginlik və ya müdafiə vəziyyəti” ilə məhdudlaşmır və daimi xarakter daşıyır.
Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi "Berliner Zeitung”a açıqlamasında bildirib ki, bu tənzimləmənin məqsədi hərbi xidmətə yararlı şəxslərin dəqiq uçot sistemini formalaşdırmaqdır. Onun sözlərinə görə, hakimiyyət fövqəladə vəziyyət zamanı hansı şəxslərin uzun müddət ölkə xaricində ola biləcəyini bilməlidir.
Yanvarın 1-də Almaniyada yeni hərbi xidmət modeli haqqında qanun qüvvəyə minib. Qanun gənclərin tibbi müayinədən keçirilməsini və hərbi uçotun bərpasını nəzərdə tutur. Sənəd məcburi hərbi xidmət tətbiq etmir, lakin könüllü hərbi xidmətə təşviq üçün aylıq 2600 avro məbləğində ilkin əməkhaqqı kimi stimullaşdırıcı tədbirlər müəyyən edir ki, bu da mövcud səviyyədən 450 avro çoxdur.
Qanunun məqsədi Almaniya Silahlı Qüvvələrinin şəxsi heyətini 2035-ci ilə qədər təxminən 260 min hərbçiyə çatdırmaq (hazırda 180 min) və əlavə 200 min ehtiyat hərbçi cəlb etməkdir.
Aydın
Şərhlər